Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə xeyriyyəçilik ənənələri davam edir



Newscenter.az.21.01.2022. Yanvarın 18-də Prezident İlham Əliyev tərəfindən Bakının mərkəzində, tarixi qala divarının önündə həyatının böyük hissəsini Vətənin yüksəlişinə, millət və insanlığın tərəqqisinə, xalqın maarifləndirilməsinə, milli ziyalıların yetişdirilməsinə həsr etmiş Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışı olub. Böyük mesenat, ictimai xadim Hacı Zeynalabdin Tağıyevin misilsiz əməlləri xalqımızın xatirəsinə əbədi həkk edilib.
Açılış mərasimində dövlət başçısı İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilən bir çox önəmli layihələr barədə danışıb. O, Bakını təmiz içməli su ilə təmin edən Şollar su kəmərinin çəkilişini xüsusi olaraq qeyd edib. Bildirilib ki, məhz Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə 1883-cü ildə Bakıda teatr binası tikilib. 1897-ci ildə “Kaspi” qəzetinin naşirliyini ələ almaqla bu qəzeti milliləşdirib, Həsən bəy Zərdabinin Bakıya gəlişini təmin edib. O həmçinin, “Həyat” qəzeti, “Fyüzat” jurnalı kimi mətbuat incilərimizi maliyyələşdirməklə ölkədə milli mətbuatın inkişafına böyük dəstək verib.

Dövlətimizin başçısı onun xeyriyyəçilik fəaliyyətini qeyd edib: “Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir”.
Ölkə başısı çox maraqlı bir faktı xatırlatdı. Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini Hacı Zeynalabdin Tağıyevin öz üzərinə götürdüyünü deyərkən əlavə edib ki, həmin o tələbələrin arasında babası Əziz Əliyev də olub.

Hacı Zeynalabdin Tağıyev Azərbaycanda təhsilə, o cümlədən qızların təhsilinə çox böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü və maliyyəsi ilə 1898-1901-ci illərdə Bakıda ilk qızlar məktəbi tikilib. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən Hacı Zeynalabdin Tağıyev olub. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilib və təmir olunub.

Hacı Zeynalabdinin xeyriyyəçilik fəaliyyəti Azərbaycanın daxili ilə məhdudlaşmayıb. Balkanlarda döyüşən türk qardaşlara yardım məqsədilə Bakı Xeyriyyə Cəmiyyətinin yerləşdiyi tarixi “İsmailiyə” binasındakı toplantıda Hacı 500 min qızıl pul ianə etmişdi və ondan nümunə götürərək digər imkanlı şəxslər də dəstək kompaniyasına qoşulmuşdular.

1924-cü ilin sentyabrın 1-də dünyasını dəyişən Hacı Zeynalabdin Tağıyev vəsiyyətinə görə Mərdəkanın “Pirhəsən” pirində, böyük din alimi Axund Mirzə Əbu Turabın məzarının ayaq hissəsində dəfn edilib. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilib. Heydər Əliyev Fondu tərəfindən Hacının dəfn edildiyi Pir Həsən ziyarətgahı abadlaşdırılıb.

Ən əsası isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Dövlət başçısının da vurğuladığı kimi, xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Digər yeni təsisatlar da yaranıb. Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Bu gün də xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir.

Maqsud Süleymanlı

YAP Yevlax Rayon Təşkilatının əməkdaşı
Xəbəri paylaş