Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir



Newscenter.az.22.01.2022. Bildiyimiz kimi, 2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucadılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalamışdır. Ölkə rəhbəri cari ilin yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışını etdi. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edilib.

Bu abidənin açılması çox əlamətdar hadisədir. Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir, çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdür. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyik. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır.

Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür. Həmçinin, Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olmuşdur. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Bu gün isə müstəqil Azərbaycanda onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.

Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd etmişdi: Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir.

Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insan-Azərbaycan xalqı dahi şəxsiyyəti öz qəlbində yaşadır.

Lalə Heydərova, İmişli Rayon Heydər Əliyev mərkəzinin elmi işçisi
Xəbəri paylaş