Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib



Newscenter.az.22.01.2022. Yanvarın 22-də İsmayıllıda VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib

Newscenter.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə İvanovka Mədəniyyət Mərkəzində VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib.

2 gün davam edəcək beynəlxalq Konfransda Türkiyədən, Macarıstandan, Litvadan və Azərbaycandan qatılan arıçılıq sahəsinin elm adamları, iş adamları və həmin ölkələrin peşəkar arıçıları bilik və bacarıqlarını yerli arıçılarla bölüşəcəklər. Yerli arıçıların qarşılaşdığı çətinliklərin həlli istiqamətində peşəkar arıçılar təlim-treyniq keçəcəklər.

Konfrans iştirakçıları əvvəlcə arı məhsulları və istehsal prosesində istifadə olunan avadanlıqların sərgisi ilə tanış olublar. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Kənd Təsərrüfatı Nazirinin müavini Sərvan Cəfərov konfransda Azərbaycanda arıçılığın inkişafı istiqamətində son illər görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmizdə arıçılıq məhsullarının dəyər zəncirinin bütün seqmentləri üzrə inkişaf dinamikası izlənilir.

Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Şöbəsinin müdiri Eldar Həsənov çıxış edərək, arıçılığın Azərbaycanda həmişə önəmli sahə olduğunu, son vaxtlar bu sahəyə marağın həddindən artıq artdığını bildirib.

Türkiyyə Arı Malzemeleri Ürüticileri Birliği Başkanı Vahdettin küçükbenli arıçılıq məhsullarının istehsalının artırılması üçün beynəlxalq təcrübə mübadiləsinin olduğunu deyib.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə son illər arıçılığın inkişafı üçün dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlərdən danışıb, hər il ənənəvi olaraq təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkası barədə məlumat verib.

Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov isə iki gün davam edəcək konfransda müzakirə ediləcək məsələlər barədə məlumat verərək bildirib ki, Azərbaycanda digər sahələrlə yanaşı arıçılığın inkişafına dövlət tərəfindən hər cür dəstək göstərilir. Bununla belə bu sahədə beynəlxalq innovasiyaları öyrənmək, yerli arıçıların təkliflərini dəyərləndirmək baxımından bu konfransın təşkili zəruridir.

Məlumat üçün bildirək ki, konfransda iştirak üçün 150-ə yaxın yerli arıçı qeydiyyatdan keçmişdir. Konfransın sonunda arıçılara iştirak sertifikatı təqdim olunacaq, həmçinin müxtəlif kateqoriyalar üzrə bal yarışı keçiriləcəkdir. Bal yarışı qaliblərinə xüsusi diplom və hədiyyə təqdim ediləcəkdir.

Sevinc
Xəbəri paylaş