Newscenter.az.23.01.2022. Ermənistan prezidenti Armen Sərkisyan istefa verib. Onun əsaslandırması belədir ki, əlində daxili və xarici siyasətə təsir edəcək alətləri yoxdur. Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir, bunu Armen Sərkisyan ona prezident olmağı keçmiş baş nazir Serj Sərkisyan təklif edərkən bilirdi.
Sadəcə hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sərkisyanı devirərək seçki yolu ilə baş nazir oldu. Nikol Paşinyan İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən sonra prezident Armen Sərkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, “səlahiyyət məndə olsaydı nəticə fərqli olardı”. Ən maraqlısı odur ki, Armen Sərkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma.
Armen Sərkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq. Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində Armen Sərkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sərkisyanın qəfil istefasından sonra Paşinyan Kontsusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasının lehinə olmayacaq.
Elxan Şahinoğlu-politoloq