Newscenter.az.23.01.2022. "Human Rights Watch" (HRW) təşkilatının 2021-ci il üzrə hesabatı saxtakarlığa əsaslanması ilə bərabər, həm də 44 günlük müharibədə qazandığı qələbəyə görə Azərbaycandan qisas alınmasına xidmət edir. Bu hesabat özünü bütün dünyada haqq və ədalətin "keşikçi"si kimi təqdim edən "Human Rights Watch" kimi nüfuzlu bir beynəlxalq təşkilat adına sözün əsl mənasında rüsvayçılıqdır. Beynəlxalq birlik adından çıxış edən bir təşkilatın bu qədər açıq-aşkar saxtakarlığa yol verməsi həm heyrət, həm də təəssüf hissi doğurur.
Onlar bu hesabatı elə tərtib ediblər ki, Azərbaycan ərazilərinin 30 il Ermənistanın işğalı altında qalmasından və 44 günlük İkinci Qarabağ müharibəsinin məhz Azərbaycan ərazisində getməsindən xəbərsiz olan insanlar bu saxta "hesabat"da yazılan əsassız iddialara və yanlış rəqəmlərə inansınlar. Çünki "hesabat"ın Azərbaycanla bağlı hissəsi məhz bu məqsədə - dünya ictimaiyyətinin çaşdırılmasına, qərəzli şəkildə yönləndirilməsinə xidmət edir.
Məsələn, hesabatda İkinci Qarabağ müharibəsi zamanı guya Ermənistanda 71, Azərbaycanda isə 54 məktəbin dağıdıldığı qeyd olunub. Bu, ağ yalandır. "Human Rights Watch" təşkilatı bu cür həyasız yalanı ilə dünyanı aldadır. Hamıya məlumdur ki, 44 günlük müharibə Ermənistan ərazisində aparılmayıb. Elə isə orada 71 məkrtəb axı necə dağıla bilər? Onları kim dağıdıb? "Human Rights Watch"un ekspertləri qəsdən elə təəssürat yaratmağa çalışıblar ki, guya həmin məktəbləri Azərbaycan dağıdıb. Əslində onlar bununla Azərbaycanı təcavüzkar kimi qələmə vermək istəyiblər.
Bunun tam əksinə, Ermənistan silahlı qüvvələrinin 44 günlük müharibə zamanı cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizdəki mülki obyektləri, yaşayış evlərini, məktəbləri atəşə tutmaları, insan tələfatına səbəb olmaları barədə isə bir kəlmə də qeyd edilməyib. Bu da sözügedən beynəlxalq təşkilatın iç üzünü açıb göstərir. "Human Rights Watch"un hesabatı riyakarlığın və "ikili standart"ların əyani təsdiqidir. Təəssüflər olsun ki, "Human Rights Watch" insanlığa yox, şərə xidmət edir.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı