Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sovet dövründən qalan bu sistem özünü doğrultmur



Newscenter.az.23.01.2022. Elmlər Akademiyası ilə bağlı son müzakirələr bir daha göstərdi ki, sovet dövründən qalan bu sistem özünü doğrultmur, inkişafa və tərəqqiyə mane olur, odur ki, Akademiyanın rəhbərliyi (oxu qocalar evi, allah ömür versin prezident və vitse-prezidentlərin orta yaşı 69,88-dir) ləğv olunmalıdır. Hesab edirəm ki, elmin idarəçiliyi özünüidarəetmə formasına, maliyyələşməsi nəticə əsasında müxtəlif mənbələr və sifarişlər üzrə (dövlət, özəl və fərdi ianələr) təşkil edilməlidir. Təklif edirəm ki, hazırkı Milli Akademiyanın bazasında sosial elmlər, təbiət elmləri, dəqiq elmlər, tibbi elmləri akademiyaları adı altında müxtəlif elmi məktəblər formalaşdırılsın və onlar arasında rəqabət mühiti yaradılsın, təltiflər korporativ və fərdi yubileylər üzrə deyil, elmi nailiyyətlər üzrə aparılsın, məktəblərin büdcəsi onların əldə etdikləri uğurlar və nəticələrlə əlaqələndirilsin. Məlumat üçün qeyd edim ki, 2022-ci ildə dövlət büdcəsindən elm xərclərinə 202 790 759 manat vəsait nəzərdə tutulub.

Hazırkı dünya düzənində Azərbaycanın post-neft dövrünün inkişafı elmsiz və təhsilsiz mümkün deyildir. Hər iki sahədə islahatlar vaxt tələb edir, onun üçün onlara indidən start verilməlidir. Hər iki sahədə akademik azadlıqlar, maliyyə və idarəetmə müstəqilliyi təmin olunmalı, Universitetlər Karnegi tədqiqat təsnifatı üzrə formalaşmalıdır.

Baxın, QS World University Rankings 2022-də ilk 1000-də Azərbaycandan 1 Universitet də yer almayıb. Halbuki, Ermənstandan 1, Gürcüstandan 1, Ukraynadan 6, Türkiyədən 9, Qazaxıstandan 12, Rusiyadan 35 Universitet ilk 1000-yə daxil olub.

Dostlar, siyahıya diqqət edin, yalnız Azərbaycan məyusluq doğurmur, qos-qoca Türkiyənin Qazaxıstandan və Rusiyadan geri qalması da təəssüfləndiricidir.

Modern iqtisadiyyatı elmsiz və təhsilsiz, yəni texnologiyasız, inovasiyasız, müasir tələblərə cavab verən kadrlarsız təsəvvür etmək olmaz, amma biz isə yenə də Ramiz Mehdiyevlə sovet sistemi üzərindən "elmin inkişaf yolundayıq". Əslində isə bununla Azərbaycan elmini dəfn edirik. Allah rəhmət eləsin!
P.S. Elmlər Akademiyasının Prezidumunun binası Məhəmməd Əmin Rəsulzadə muzeyinə çevrilərsə elmə də, tarixə də, inkişafa da çox-çox fayda verər.

Qubad İbadoğlu-Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri
Xəbəri paylaş