Newscenter.az.24.01.2022 Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb
“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb.
Newscenter.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Ağdama səfəri təşkil olunub.
Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti 9,40, Bərdə-Ağdam marşrutunun qiyməti isə 5 manatdır.
Səfər bir gün ərzində həyata keçiriləcək və gedənlər təyin olunmuş vaxtda geri qayıtmalıdırlar.
Avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar avtobus reyslərindən istifadə edərək, işğaldan azad olunmuş ərazilərə gedib orada qədim yurd yerlərimizi, 30 ilə yaxın törədilən erməni barbarlığını, qəhrəman Azərbaycan əsgərinin qazandığı Şanlı Qələbədən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini öz gözləri ilə görə bilərlər.
Ağdama səfərlər şəhər mərkəzi daxil olmaqla Ağdam rayonunun minalardan təmizlənmiş hissəsinə təşkil olunur. Səfərlər xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil edilir.