Newscenter.az.24.01.2022. Gündəlik həyatda tez-tez düşüncə tərzinə bələd olmadığımız insanların fikirlərini dinləməli oluruq. Onlar bizimlə fərdi hisslərini, düşüncələrini, təcrübələrini bölüşür və ya suallarımıza cavab verirlər. Bəzən fikirlərinin subyektiv xarakter daşıdığını anlasaq da, bu insanlara inanmağa meyl göstəririk. Hətta, qəzet, jurnal, televiziya, internet məkanından da eyni qaydada informasiya toplamağa davam edirik. Beləcə, hər hansı bir vəziyyət və ya hadisə ilə bağlı olan məlumatların üzərinə əlavə hiss, həyəcan qatılır və stereotiplər formalaşır. Əslində biz kütləvi informasiya vasitələri, ailə, dini inanclar fonunda formalaşıb təzahür edən stereotiplərlə erkən uşaqlıq dövrlərindən rastlaşmağa başlayırıq.
Psixologiyada sosial stereotiplər - insanın dünyagörüşünün tərkib hissəsidir və onlar bəlli bir qrup daxilində müəyyən hadisələrə sabit və emosiyalarla zənginləşmiş yanaşma tərzi olaraq qəbul edilir. Başqa sözlə, mənimsədiyimiz stereotiplər, bir növ dünyanın bizim maraq, arzu və vərdişlərimizdən ibarət rəsmidir.
İnsan onu əhatə edən mühiti istər-istəməz öz beynindəki ideal təsəvvürlərlə müqayisə edir. Bu səbəbdən stereotiplər həm mənfi, həm müsbət xarakter daşıya bilər. Məsələn, bütün uşaqlar saf və təmizdir və ya kişilər qadınlardan daha ağıllıdır və s. Bütün stereotiplər qavrayışın xüsusiyyətlərini əks etdikməklə bərabər, fərdin reallığı dərketmə prosesini sadələşdirir. Lakin başqaları tərəfindən mənimsənilmiş bu reallıq əksər hallarda obyektiv xarakter daşımır. Belə olan halda stereotipin mənfi və ya müsbət təsiri barədə necə qərar verə bilərik?
Uzun illər stereotiplər insanlar tərəfindən mənfi hal olaraq qəbul edilsə də, son zamanlar alimlər onların müsbət tərəflərinin araşdırılmasına da nəzər yetiriblər. Mülahizələrə görə, qrupların identifikasiyası, ideologiyaların formalaşdırılaraq qorunması və təbii ki, təfəkkürün sadələşdirilməsi stereotiplərin mühüm funksiyalarına daxildir. Nəzərə almaq lazımdır ki, stereotipin doğru və ya yanlış olması mövcud vəziyyətdən birbaşa asılıdır. Onlar bəlli bir mühitdə və zaman kəsimində yarana və istənilən an yox ola bilər, lakin cəmiyyətə təsir gücünü uzun illər davamlı şəkildə qoruyub saxlayar.
Bir tərəfdən stereotiplər insana uzun müddət tərəddüd etmədən seçim imkanı yaradır və bir qism qərarlar qəbul edilən zaman faydalı olur. Müasir dünyada hər kəs yekdilliklə qəbul edir ki, böyüklərə hörmətlə yanaşmaq, kiçikləri qorumaq və yaxınlara kömək etmək vacibdir. Bu kimi stereotiplərin varlığını görür, eyni zamanda yetkininsanların niyə məhz bu tərzdə davranmalarının fərqinə varmırıq. Digər tərəfdən, informasiya yetərsizliyi səbəbilə bəzən bu və ya digər məsələyə necə yanaşacağımızı müəyyən edə bilmirik. Beləcə şəxsi təcrübədən keçirmədiyimiz vəziyyətlərlə bağlı mütəmadi qaydada stereotipləşmiş düşüncə qəliblərinə müraciət edir və individuallıq baxımından həmin reallığı araşdırmağa ehtiyac duymuruq. Burdan da belə nəticəyə gəlmək olar ki, həqiqəti, həyatı pozitiv istiqamətə yönəldən vərdişləri əks etdirən stereotiplər insan qavrayışlarına dinamika verir, dərketməni tezləşdirir, müvafiq düşüncə seqmentinin möhkəmlənməsinə zəmin yaradır və insan psixikasındaöngörmə imkanının genişlənməsinə kömək edir.
Lakin yalan üzərində qurulmuş sosial stereotiplər bizi bəri başdan yanlış istiqamətə yönəldir və faydasız davranış modeli quraşdırmağımıza yol açır. Əgər bizə davamlı olaraq "çox göz önündə olma, hər kəs kimi davran" fikri aşılanıbsa, istər-istəməz diqqət mərkəzindən yayınmağa, "bunu etsən, sənə hörmət etməyəcəklər" stereotipi isə bizi insanlardan qorxub cəmiyyətdən uzaqlaşmağa vadar edəcək. Yəni yanlış stereotiplər vasitəsilə ayrıca bir fərdi və ya bir qrup insanı çaşdırmaq mümkündür və manipulyasiya edərək onları şəxsi uğursuzluqlara, münaqişələrə, sosial fikir ayrılıqlarına, nifrət və diskomforta düçar edə bilərik.
Yanlış stereotiplərin əsiri olan "nəsihətçi-nəzarətçilər"in çağırışları digərlərində fərqli dini, dili, irqi, siyasi mənsubiyyəti olan insanlara qarşı nifrət də yarada bilər. Bu stereotiplər ortaq cəhətlər axtarmaq əvəzinə fərqliliklərə diqqət çəkməyə çalışır və nəticədə insanlar bir-birlərini "yaxşı-pis", "doğma-yad" olaraq təbəqələrə ayırmağa başlayır.
Məsələn, gender aspektləri ilə bağlı stereotiplər dünyagörüşümüzdə o qədər möhkəm izlər buraxıb ki, biz bunun səbəbini və ya davranışın başqa cür də ola biləcəyini düşünmədən hər iki cinsin nümayəndələrinə əvvəlcədən "təyin olunmuş" bəlli mental rollar yükləyir, gender bərabərliyinin normal nizamlanmasını mümkünsüz hala gətiririk. Bugün 10 kişidən 9-u qadınların maşın sürə bilmədiyini, qadınların siyasətdən, texnikadan başı çıxmadığını və ən yaxşı bacardığı peşənin ev işlərindən və uşaqlara baxmaqdan ibarət olduğunu iddia edir. Bu düşüncədə israrlı olan insanlar yer üzündə çox sayda siyasətçinin, proqram mühəndisinin, hətta yük maşını sürücülərinin qadın və eyni qədər də ev işi görən, uşaqlara baxanların kişi olduğu faktını görmək belə istəmirlər. Qarşımızdakı insana görmək istədiyimiz donu geyindirməklə biz onun fərdi xüsusiyyətlərini görməzdən gəlir, ehtiyaclarını başa düşmürük, təbii ki, belə reallıq insan münasibətlərinin nizamınaheç bir töhfə vermir.
Göründüyü kimi, stereotiplər yanlış və ya doğru olmasına, ümumi və ya individual səciyyəsinə görə bir-birindən fərqləndiyi kimi, mənfi, yaxud müsbət təsir və nəticə baxımından da fərqlənirlər. Əlbəttə, cəmiyyət stereotiplərsiz yaşaya bilməz, çünki insan fiziki və zehni olaraq bütün qərar və addımlarını ölçmək, dəyərləndirmək iqtidarında deyil. Amma bu o demək deyil ki, yanlış stereotiplərin nəsildən nəsilə ötürülməsinə istisnasız olaraq təkan verilməlidir. Stereotiplərlə davranmağın, azad, optimal düşüncəyə malik fərdiyyəti qorumağın ən asan və ən doğru yolu hər ağızdan gələn avazlara baş qoşmamaq, eşidilən xəbəri digər məlumat mənbələri ilə tutuşdurmaq, eşidilən sözü, əhvalatı dərhal başqalarına çatdırmaq ehtirasını boğmaqdan ibarət ola bilər.
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru