Newscenter.az.25.01.2022. Bir neçə gün əvvəl Ağsu rayonu ərazisində, çöllük ərazidə tənha yaşayan Əzəmət Mikayılova ilə bağlı sosial şəbəkələrdə və informasiya portallarında yayılan videogörüntülərə Ağsu Rayon İcra Hakimiyyəti münasibət bildirib.
Rayon İcra Hakimiyyətindən Newscenter.az-a bildirilib ki, Ağsu rayonunun Ərəbmehdibəy kəndində tənha yaşayan Mikayılova Əzəmət Möhübbət qızı 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlib. Sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Ə.Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib.
Lakin, Ə.Mikayılova qardaşı ilə birlikdə yaşamaqdan imtina etmiş və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam edib.
Əlavə olaraq bildiririk ki, səhhətində psixoloji problemlər olduğundan vətəndaş Ə.Mikayılova “Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə Bakı şəhərində yerləşən Maştağa Psixiatriya Xəstəxanasına göndərib.
Anar