Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub



Newscenter.az.25.01.2022. İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb.

Bu barədə Newscenter.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Görüşdən əvvəl müdafiə naziri general-polkovnik Z.Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olub.

Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi Aştiani xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını vurğulayıb. İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.

Öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan-İran əlaqələrinin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu deyib. General-polkovnik Z.Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə hərbi əməkdaşlığın inkişaf etməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti, eləcə də ikitərəfli razılaşma əsasında həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Azərbaycan və İran arasında hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda görüşün yekununa dair tərəflər arasında protokol imzalanıb.
Xəbəri paylaş