Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Gömrük Sərnişin Məlumat Mərkəzi açılıb



Newscenter.az.25.01.2022. Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sərnişin Məlumat Mərkəzinin açılışı olub.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, açılış mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britaniya Sərhəd Xidmətinin Avrasiya regionu üzrə rəhbəri Mateyu Bekinqem, BMT-nin Terrorizmə qarşı mübarizə İdarəsinin Terrorçuların səyahətləri ilə mübarizə şöbəsinin müdiri Kristin Erika Bredli, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və digər şəxslər iştirak ediblər.

Gömrük Sərnişin Məlumat Mərkəzi Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Xidməti arasında birgə həyata keçirilən “Hunter” layihəsi çərçivəsində və BMT-nin “Terrorçuların Səyahətləri ilə Mübarizə Proqramı”nın dəstəyi əsasında təsis edilib.

Mərkəzin açılışı münasibətilə keçirilən tədbirdə çıxış edən DGK-nın sədri Səfər Mehdiyev Gömrük Sərnişin Məlumat Mərkəzinin fəaliyyətə başlamasının Azərbaycan gömrük xidməti üçün əlamətdar hadisə olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət ölkə iqtisadiyyatını sürətlə inkişaf etdirir və aparılan kompleks islahatlar müstəqil Azərbaycanı dünyanın tərəqqi edən ölkələri sırasında yer almasına şərait yaradıb.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı ərazilərimizin azad edilməsi regional inteqrasiyanın gücləndirilməsi, Azərbaycanla yanaşı, qonşu dövlətlərin də iqtisadi inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi iqtisadi inkişafa təkan verməklə yanaşı, öz növbəsində təhlükəsizliyin təmin olunması üzrə davamlı səmərəli tədbirlərin həyata keçirilməsini və bu istiqamətdə müasir texnologiyaların tətbiqini zəruri edir.

Ölkəmizin təhlükəsizliyini qorumaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək istiqamətində gömrük orqanlarının son illər həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən də bəhs edən Komitə sədri fiskal, hüquqpozmalarla mübarizə, ticarətin asanlaşdırılması istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Səfər Mehdiyev bu istiqamətdə Böyük Britaniyanın aidiyyəti qurumları və BMT ilə işgüzar münasibətlərdən danışıb və onlara Azərbaycanda “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulmasında göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Komitə sədri ümidvar olduğunu bildirib ki, Gömrük Sərnişin Məlumat Mərkəzi məlumatların dövlət orqanlarına əvvəlcədən ötürülməsi və səmərəli risk idarəetmə sisteminin tətbiqi ilə dövlət qurumları, aviaşirkətlər və digər maraqlı tərəflər arasında mövcud prosedurların sadələşdirilməsinə, məlumat təhlili bazalarının inkişaf etdirilməsinə, səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsinə, ölkəmizin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların ölkəyə daxil olmasının vaxtında qarşısının alınmasına töhfə verəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizin gömrük orqanları ilə səmərəli əməkdaşlıqdan, əldə edilən uğurlardan danışıb və gömrük əməkdaşlarının sərhədlərin təhlükəsizliyi baxımından diqqətəlayiq işlər gördüyünü, həyata keçirilən tədbirlərin ölkələrin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Mərkəzin açılışını mühüm hadisə kimi qiymətləndirib və bunun səmərəli beynəlxalq əməkdaşlığın nəticəsi olduğunu bildirib. BMT nümayəndəsi gömrük orqanlarının təqdirəlayiq fəaliyyət həyata keçirdiyini, iqtisadi, milli və ekoloji təhlükəsizliyin təmin olunmasında, insanların rifah halının yaxşılaşdırılmasında mühüm rol oynadıqlarını diqqətə çatdırıb, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Böyük Britaniya Sərhəd Xidmətinin Avrasiya regionu üzrə rəhbəri Mateyu Bekinqem, BMT-nin Terrorizmə qarşı mübarizə İdarəsinin Terrorçuların səyahətləri ilə mübarizə şöbəsinin müdiri Kristin Erika Bredli, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev çıxış edərək Azərbaycan gömrük xidməti ilə faydalı əməkdaşlıqdan, xüsusilə narkotik vasitələrin aşkar edilməsində ölkəmizin gömrük orqanlarının səmərəli fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan gömrüyünün müasir texnologiyalara, peşəkar kadrlara malik olması layihənin digər ölkələrlə müqayisədə daha qısa zaman kəsiyində reallaşdırılmasına şərait yaradıb.

Sonra Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Beynəlxalq ticarətə dəstək şöbəsinin rəisi Rövşən Namazov “Azərbaycanda “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulması” üzrə görülən işlər, o cümlədən yeni yaradılan Gömrük Sərnişin Məlumat Mərkəzinin funksiyaları və məqsədləri” barədə təqdimat nümayiş etdirib.

Xatırladaq ki, “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulması üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qruplara Dövlət Gömrük Komitəsi rəhbərlik edir.

Daha sonra Mərkəzin açılışında səmərəli fəaliyyətlərinə görə Böyük Britaniyanın Sərhəd Xidməti və BMT-nin aidiyyəti qurumlarının əməkdaşlarına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları təqdim olunub.

Tədbirin sonunda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında yerləşən Gömrük Sərnişin Məlumat Mərkəzinin rəsmi açılışı olub. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan tədbir iştirakçılarına “goTravel” risk idarəetmə sisteminin tətbiqi ilə bağlı təqdimat nümayiş etdirilib.

Sevinc
Xəbəri paylaş