Newscenter.az.26.01.2022. Yanvarın 26-da Dövlət Gömrük Komitəsinin 2021-ci il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclası keçirilib.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, videokonfrans formatında keçirilən mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev bildirib ki, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl milli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu birliyinin nəticəsində 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi 44 gün ərzində qələbəmizlə başa çatdı və torpaqlarımız düşməndən azad edildi. 2021-ci ildə isə müharibədəki qələbəmizin bir ili xalqımız tərəfindən təntənəli şəkildə qeyd edildi.
Ötən 2020 və 2021-ci illlər ərzində və bu gün də davam edən koronavirus pandemiyası insanların sağlamlığına təsir etməklə yanaşı, dünya ölkələrinin, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsirini göstərib. Mövcud şəraitdə və gələcəyə hesablanan yeni strateji çağırışların yerinə yetirilməsi üçün büdcənin gəlirlər hissəsinin qeyri-neft sektorunun fəaliyyətindən daxilolmalar hesabına formalaşdırılması əsas hədəflərdən olub.
Son illər ölkədə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarının da bir sıra yeniliklər tətbiq etdiyini diqqətə çatdıran Səfər Mehdiyev qeyd edib ki, fiskal, hüquqpozmalara qarşı mübarizə, gömrük nəzarəti, ticarətin asanlaşdırılması və şəffaflığın təmin olunması istiqamətində ciddi nailiyyətlər əldə olunub.
Komitə sədri vurğulayıb ki, gömrük sistemində aparılan struktur və kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə, kadrların peşə hazırlığının artırılmasına, bir sözlə, gömrük işinin müasir dünyanın çağırışlarına uyğun şəkildə yenidən qurulmasına münbit şərait yaradıb. Ən müasir idarəetmə strukturuna malik Azərbaycan gömrüyü fəaliyyətini nəzarətdən xidmətə doğru dəyişərək beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılması, modern gömrük nəzarəti istiqamətində mühüm addımlar atır.
Sonra Kollegiyanın gündəliyindəki məsələlər müzakirə olunub.
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2021-ci ildəki fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr" barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov çıxış edib.
İsmayıl Hüseynov bildirib ki, COVID-19 pandemiyasının iqtisadiyyatda yaratdığı qlobal problemlərə baxmayaraq gömrük orqanlarının öz faəliyyətini səmərəli şəkildə qurması nəticəsində büdcə öhdəliyinin yerinə yetirilməsi, yükdaşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, hüquqpozmaların qarşısının alınması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Qeyd edilib ki, ötən illərdə olduğu kimi, 2021-ci ildə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ölkə üzrə illik büdcə daxilolmalarında xüsusi çəkisi artıb və qanunla müəyyən olunan illik büdcə öhdəliyinin artıqlaması ilə yerinə yetirilməsinə nail olunub.
Belə ki, 2021-ci il üzrə Dövlət Gömrük Komitəsi üçün nəzərdə tutulan 3 milyard 900 milyon manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 4 milyard 342 milyon 967 min manat olmaqla, proqnoz göstəriciləri ilə müqayisədə 442 milyon 967 min manat artıq gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb və illik büdcə öhdəliyinə 111,36 faiz əməl olunub.
2021-ci il ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma faktı aşkar edilib. Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.
Məlumat verilib ki, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar 2021-ci il ərzində 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.
Qeyd olunub ki, hesabat ili ərzində elektron gömrük xidmətləri sahəsində Dövlət Gömrük Komitəsinin rəsmi saytında yeni funksional bölmələr yaradılıb, məlumatlar mütəmadi yenilənib.
2021-ci ildə “Smart Customs” mobil tətbiqinin yeni versiyası hazırlanıb, www.e.customs.gov.az portalı üzərindən göstərilən xidmətlərin sayı 13-ə çatdırılıb. Eyni zamanda e.customs.gov.az portalında təqdim edilən elektron xidmətlərdən 5-i mobil tətbiqə inteqrasiya edilib.
Sonra Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli, Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi Qulu Novruzov, Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Bundan başqa, iclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2022-ci il üçün İş Planı" təsdiq edilib.
Sevinc