Newscenter.az.28.01.2022. Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər - Xırdalan şəhərində yaşayan əvvəllər məhkum olunmuş Sehranə İsgəndərova, Cəmilə Musayeva, Heydər Abbasov, Rəşad Əliyev və Cavid Qurbanov saxlanılıblar.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Araşdırma nəticəsində müəyyən edilib ki, Sehranə İsgəndərova Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs olub. O, xaricdə yaşayan narkotacirlərdən biri ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun ölkə ərazisinə göndərdiyi külli miqdarda heroini Abşeron rayonu ərazisində qəbul edib.
Daha sonra Sehranə İsgəndərova adları çəkilən şəxslərdən ibarət narkoşəbəkə quraraq Abşeron rayonunda narkotik vasitələrin satışını təşkil edib. Onun Xırdalan şəhərində yerləşən evinə və üzərinə baxış zamanı 2 kiloqram 700 qram heroin və psixotrop maddə metamfetamin aşkar edilib.
Qeyd edək ki, Sehranə İsgəndərovanın yaşadığı evdə narkotik vasitə aludəçiləri üçün tiryəkxana təşkil etdiyi də müəyyən edilib.
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında həyata keçirdikləri digər tədbir nəticəsində isə Novxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Vüqar Həsənov saxlanılıb.
Onun üzərinə baxış zamanı 9 büküm ümumi çəkisi 50 qram olan heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub. Vüqar Həsənovun ətrafında aparılan arşdırmalar zamanı onun Novxanı qəsəbəsində əsasən gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib.
Faktla bağlı Vüqar Həsənov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Sonuncu əməliyyatlar zamanı saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotik vasitələrin Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.