Newscenter.az.28.01.2022. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb. 30 il öncə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır. Müxalifət partiyası kimi o zaman da YAP-ın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması tarixi bir zərurət idi.
Ona görə də Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış bir təşkilatdır. Partiyanın yaranması, inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş vermişdir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi gücünə çevrilmişdir. Son 18 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində əldə edilmişdir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 18 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən güclü birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyidir, bu birlik eyni zamanda müxtəlif millətlərin və dinlərin birliyidir. Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edir. Azərbaycanda belə bir birliyin əldə olunması çox böyük uğurdur. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin nümunəsidir. Bu həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri cənab İlham Əliyevə və Sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir.
İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Son 18 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artmışdır. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının böyük hissəsi ölkəmizə aiddir. Bu gün regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil ölkədir. 2020-ci ildə pandemiya ilə mübarizədə, Vətən müharibəsi zamanı iqtisadi resurslarımız və iqtisadi müstəqilliyimiz həlledici amil rolunu oynadı. Azərbaycanın iqtisadi, maliyyə resursları ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin güclənməsini təmin edəcəkdir.
Üçüncü nəticə Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı əldə edilmişdir. Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xaricdə Azərbaycanın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şeirdə deyildiyi kimi, “imzalarımızın imzalar arasında olması” idi. Hər zaman Azərbaycan deyəndə onun tanınması, adət ənənələrimizin bilinməsini biz çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün dünyada Azərbaycan deyəndə kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub-yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.
Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.
Dördüncü nəticə isə uzun illərdir ki, Azərbaycan xalqının vahid bir amal uğrunda apardığı Vətən müharibəsindən tam qalib çıxmasıdır. İşğal olunmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandanımız
İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması milli qürurumuzun dirçəlməsi, xalqımızın başının ucaldılması ilə nəticələndi. Şəhidlərimizin qanı bahasına, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın dəstəyi ilə əldə etdiyimiz bu möhtəşəm qələbə tarixi uğur oldu və bundan sonra minilliklər boyu ölkəmizin və xalqımızin inkişafı üçün layiqli şərait yaradacaqdır.
Uzun illərin ardıcıl və fədakar hazırlığından sonra məhz 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu qələbəyə nail oldu. Düşmənə ağır zərbə vuruldu. Möhtəşəm qələbə qazanıldı. Bu gün Azərbaycan XXI əsrdə dünyada yeni reallıqlar yaradan qalib bir xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur.
Qeyd etdiyim bu 4 istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir.
Biz artıq yeni reallıqlar dövrünə daxil olmuşuq. Reallıqları biz öz gücümüzlə yaratdıq. Ona görə də yeni dövrün əsas söz sahibi Azərbaycandır.
Xalq və dövlət olaraq artıq bizi düşündürən əsas məsələlər bunlardan ibarətdir: bundan sonra bizi hansı çağırışlar gözləyir, bizim keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin bir daha təkrar olunmaması üçün hansı addımlar atmalıyıq, dövlətimizin daha da güclənməsi üçün hansı istiqamətdə daha çox inkişaf etməliyik, xaricdən gələn təhlükələrə necə cavab verməliyik və digər məsələlərdir.
2021-ci il martın 5-də YAP-ın VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev bütün bu məsələlərlə bağlı kifayət qədər açıq və geniş nitq söylədi, gələcək iş istiqamətlərini göstərdi. “İqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik” qeyd edən cənab Prezident bundan sonrakı hədəfləri də açıqladı: “Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstəriləcəkdir. Bu, əbədi prosesdir. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam”.
Bu çıxışdan sonra eyni zamanda partiyanın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması Prezident tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu. Bu tapşırıq partiyanın İdarə Heyəti qarşısında qoyuldu. Partiyanın yeni seçilən İdarə Heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmaq üçün partiyada dinamizmin, funksionallığın daha da yüksəlməsinə çalışmaqdadır.
Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlar YAP-ın yeni proqramının hazırlanmasını şərtləndirən mühüm amillərdəndir. Dövlət başçısı, partiyanın Sədri cənab İlham Əliyevin çıxışında qarşıya qoyduğu vəzifələri rəhbər tutaraq və ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və Vətən müharibəsində möhtəşəm qələbənin yaratdığı reallıqları nəzərə alaraq, partiyanın “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlandı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi.
Qəbul olunmuş proqram bir daha göstərir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi milli maraqları daim təhlil edir, vətəndaşların daha yaxşı və təhlükəsiz yaşaması məqsədilə dünyada baş verən ən son yenilikləri təhlil edir və buradan irəli gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətlə məşğuldur.
Bu, kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada bizim ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə axır, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar vardır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, biz gələcəkdə bir çox məsələdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur, bu, eyni zamanda bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.
Partiyanın proqramında əsas hədəflərdən biri də “Güclü iqtisadiyyat və davamlı inkişaf”dır. Qlobal rəqabətin və qeyri-müəyyənliyin artdığı bir dövrdə Azərbaycan davamlı və dayanıqlı iqtisadi inkişaf yolu ilə irəliləyir. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən islahatların həyata keçirilməsi nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artır. 2020-ci ildə qlobal pandemiyanın iqtisadiyyata və əhaliyə minimum təsirinə nail olan iqtisadiyyatımız 2021-ci ildə artıq 5.6 faizlik artım nümayiş etdirmişdir.
Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində əldə olunmuş nailiyyətlər və qeyri-neft sektorunun inkişafı, işsizlik və yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində görülən işlər əhalinin sosial rifahını yüksəldir. Eyni zamanda iqtisadi islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər dövlət büdcəsi vasitəsilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilir.
2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi nəticəsində regionların infrastruktur təminatı yaxşılaşır, sahibkarlığın inkişafına təkan verilir, əhalinin məşğulluq səviyyəsi yüksəlir. Əlverişli biznes mühitinin yaradılması Azərbaycana xarici investisiya qoyuluşunu sürətləndirir. Haqsız rəqabətlə mübarizə, şəffaflıq prosesinin sürətlənməsi sahibkarlar tərəfindən təqdir olunur.
Azərbaycanda sənaye park və məhəllələrin, texnoparkların yaradılması, istehsal sahələrinin genişləndirilməsi qeyri-neft sektorunun inkişafına mühüm təkan verir. Azərbaycan iqtisadiyyatının neftdən və xarici kapitaldan asılılığının kəskin şəkildə azalması ümumi daxili məhsulda qeyri-neft sektorunun həcmini artırır. İqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilən qeyri-neft sektoru getdikcə öz payını artıraraq ÜDM-in 70 faizinə çatmaqdadır.
Ölkəmizdə sosial-iqtisadi islahatların uğurla aparılması dünyanın bir çox nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu, “Moodys”, “Fitch Raitings”, “Standard and Poors” kimi qurumlar Azərbaycanı dünya reytinq siyahılarında qabaqcıl yer tutan ölkə kimi tanıyırlar.
Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş nəhəng enerji-nəqliyyat layihələri uğurla həyata keçirilir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilmişdir. 2020-ci ildə isə “Cənub qaz dəhlizi” layihəsi fəaliyyətə başlamış, artıq Azərbaycan qazı Avropaya ixrac edilməkdədir.
Ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi sahəsində məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu sahədə qazanılan uğurların nəticəsində ölkəmizin ekoloji təhlükəsizliyi təmin edilir, ətraf mühitə zərərli təsirlərin qarşısını almaq üçün səmərəli mexanizmlər tətbiq olunur.
Əldə edilmiş bütün bu nəticələri mühüm uğur kimi qiymətləndirən YAP iqtisadiyyatımızın sürətli inkişafı və inklüziv artıma nail olmaq naminə aşağıdakı istiqamətlər üzrə hədəflər müəyyənləşdirmişdir.
1) Makroiqtisadi sabitlik və yüksək iqtisadi artım istiqaməti üzrə
YAP davamlı və dayanıqlı iqtisadi inkişafın vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biri olduğunu nəzərə alaraq:
* davamlı inkişaf və iqtisadi artım vasitəsilə ölkədə adambaşına düşən milli gəlirin davamlı artmasına nail olunmasını;
* yüksəkgəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsini;
* milli iqtisadiyyatın şaxələnməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılmasını;
* iqtisadi artımın qabaqcıl və səmərəli özəl təşəbbüslərə əsaslanması, dövlətlə özəl sektor arasındakı əməkdaşlığın möhkəmləndirilməsini;
* özəl sektorda fəallığın və təşəbbüskarlığın daha da gücləndirilməsinin stimullaşdırılmasını;
* qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payının artırılmasını;
* özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun təmin olunmasında başlıca mənbəyə çevrilməsi üçün əlverişli işgüzar mühitin təmin edilməsini;
* yeni və şəffaf özəlləşdirmə strategiyasının həyata keçirilməsini;
* biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılmasını;
* innovativ sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasını;
* iqtisadi fəaliyyətdə müasir texnologiyaların geniş tətbiqinin təşviq edilməsini;
* aqrar sektorun intensiv və səmərəli inkişafının stimullaşdırılmasını;
* ərzaq təhlükəsizliyinin gücləndirilməsini;
* iqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafının sürətləndirilməsini;
* bank sektorunda dayanıqlığın təmin olunması, ona etimadın yüksəldilməsini əsas hədəflərindən hesab etmişdir.
Bu hədəflər iqtisadi müstəqilliyimizin təmin edilməsi, insanların maddi rifah halının daim yaxşılaşdırılması, böhran hallarında iqtisadi və sosial dayanıqlılığın qorunması, ölkənin təhlükəsizliyinin qorunması, milli-mədəni inkişafın təmin edilməsi, sosial məsələlərin həllinə maliyyə imkanlarının yaradılması üçün vacib istiqamətlərdir.
Yeni Azərbaycan Partiyası müasir iqtisadiyyatın inkişafının əsasında bilik-texnologiyalar-əmək-kapital münasibətlərinin həlledici olduğunu nəzərə alaraq ölkə iqtisadiyyatına birbaşa xarici investisiyalar, o cümlədən infrastruktur sahələrinə strateji sərmayəçilərin cəlb edilməsini vacib sayır. Eyni zamanda milli maraqların qorunması və xarici sərmayəçilərə rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsinin diqqət mərkəzində olmasını vacib sayır.
Yuxarıda göstərilən çağırışları təhlil edərək partiya proqramında bu istiqamətdə öz məqsədlərini də müəyyən etmişdir. Onlar:
* dövlət şirkətlərinin fəaliyyətində iqtisadi səmərənin yüksəldilməsi, bu sahədə şəffaflığın səviyyəsinin artırılması;
* dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılması;
* qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartlarının tətbiq edilməsi və gəlirlilik səviyyələrinin artırılması;
* kölgə iqtisadiyyatının minimuma endirilməsi, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsinin ən yüksək standartlara çatdırılması;
* iqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin yüksəldilməsi və təşviq olunması;
* dövlət maliyyə idarəetməsində intizamın və hesabtlılığın artırılması;
* korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sisteminin təkmilləşdirilməsidir.
2) Uğurlu neft strategiyası və qeyri-neft sektorunun inkişafı istiqaməti üzrə
YAP neft strategiyasının uğurla davam etdirilməsi və qeyri-neft sektorunun inkişafı məqsədilə yeni neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin fəaliyyətinin daha da təkmilləşməsini və yaxud yenidən qurulmasını vacib sayır. Bu sahədə partiyanın hədəfləri aşağıdakılardır:
* iqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz emalı və neftkimya zavodlarından ibarət kompleksin inşasının davam etdirilməsi;
* dünya enerji bazarları ilə inteqrasiya əlaqələrinin gücləndirilməsi;
* qeyri-neft sənayesinin inkişafı məqsədilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsinin genişləndirilməsi;
* alternativ (bərpaolunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
* institusional mühitin inkişafı, elmi-texniki potensialın gücləndirilməsi;
* yüksək təhsilə, innovativ biliklərə malik olan mütəxəssis hazırlığının təkmilləşdirilməsi.
Qeyri-neft sektorunun inkişafı sahəsində isə partiyanın hədəfləri aşağıdakılardan ibarətdir:
* bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin müasir səviyyədə qurulması;
* yeni sənaye müəssisələrinin inşasının davam etdirilməsi;
* sənaye müəssisələrində innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması;
* ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması;
* qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi;
* ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması;
* ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb olunması məqsədilə səmərəli mexanizmlərin tətbiq edilməsi;
* ixracyönümlü qeyri-neft sektorunun inkişafı üçün dövlət və özəl sektorun investisiya əməkdaşlığının möhkəmləndirilməsi;
* əqli fəaliyyətin nəticələrinin təşviqi, innovasiya və yaradıcılığa investisiya qoyuluşu üçün əlverişli mühitin inkişaf etdirilməsi;
* turizm infrastrukturunun inkişafı, beynəlxalq standartlara cavab verən turizm xidməti sahələrinin genişləndirilməsi;
* müasir texnologiyaların tətbiqi yolu ilə aqroemal müəssisələrinin istehsal gücünün artırılması və yeni müəssisələrin yaradılması;
* aqrar sektorun intensiv və səmərəli inkişafına dövlət dəstəyinin gücləndirilməsi;
* ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının genişləndirilməsi.
Qeyd etmək istərdim ki, həm neft, həm də qeyri-neft sahələri üzrə müəyyən edilən hədəflər ötən uzun müddət ərzində Azərbaycan hökumətinin uğurla həyata keçirdiyi layihələrə və bu sahədə dünyada baş verən yeniliklərə əsaslanır.
3) Daxili və xarici təsirlərə dayanıqlıq istiqaməti üzrə
Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bunları nəzərə alaraq YAP aşağıdakı hədəfləri müəyyənləşdirmişdir:
* makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi;
* yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivənin formalaşdırılması;
* iqtisadiyyatın şaxələnməsi vasitəsilə qeyri-neft sektorunun payının artırılması;
* dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi və bu əsaslarda dövlət və kvazi-dövlət borcunun idarəedilməsinin təşkili;
* makroiqtisadi və maliyyə sabitliyini təmin edən institusional idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi.
4) Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqaməti üzrə
Azərbaycanın strateji coğrafi mövqeyini nəzərə almaqla, tranzit və nəqliyyat xidmətlərinin inkişafı, xüsusilə Vətən müharibəsində Ermənistanın işğalından azad olunmuş bölgələrdə nəqliyyat infrastrukturunun yaradılması sahəsində YAP aşağıdakı hədəfləri müəyyən etmişdir:
* yerli və beynəlxalq daşımaların idarə olunması mexanizminin təkmilləşdirilməsi;
* ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının genişləndirilməsi;
* əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması;
* idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi;
* ölkənin yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması;
* paytaxtın, habelə digər şəhər, rayon və kəndlərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi;
* Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması.
5) Ətraf mühit və ekoloji tarazlıq istiqaməti üzrə
Dünyada iqlim dəyişikliyi, ərzaq qıtlığı, ekoloji fəlakətlərin artması YAP-ın bu istiqamətlərə xüsusi diqqət yetirməsinə səbəb olmuşdur. YAP ətraf mühitin qorunmasını əsas hədəflərindən biri hesab etmiş və bu sahədə aşağıdakı hədəfləri müəyyənləşdirmişdir:
* biomüxtəlifliyin təmin edilməsi, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin qarşısının alınması;
* yaşıl ərazilərin sahəsinin genişləndirilməsi;
* meşə sahələrinin ümumi torpaq sahələrinə nisbətinin artırılması;
* təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədilə tullantıların zərərsizləşdirilməsi;
* sənaye və məişət tullantılarının təkrar emalı üçün yeni müəssisələrin yaradılması;
* iri sənaye və dağ-mədən obyektlərinin fəaliyyəti nəticəsində yararsız vəziyyətə düşmüş torpaqların bərpası;
* kənd təsərrüfatına yararlı torpaqlardan istifadə sisteminin təkmilləşdirilməsi;
* qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqi;
* su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə;
* iqtisadi inkişafla ekoloji mühit arasında tarazlığın təmin olunması;
* bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
* əhalinin ekoloji maarifləndirilməsində yaxından iştirak.
İqtisadi inkişafın bütün sahələrini və ona dəstək olacaq ekomühitin yaradılmasını əhatə edən bu hədəflər ölkəmizin daim müstəqil və güclü olmasının təmin edilməsinə xidmət göstərəcəkdir.
Bütün bu hədəflərlə yanaşı, partiya qarşısında həm də qlobal çağırışlara cavab vermək kimi mühüm vəzifələr də yaranmaqdadır. Bəşəriyyətin qədəm qoyduğu
4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir. Təkcə partiyaların yox, insanlar arasında da geniş ünsiyyətin qurulmasının tarixinə baxsaq, görərik ki, kollektiv iştirak - dəyərləri paylaşmağı, faydalı informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən alət olmuşdur. Amma artıq bu sahədə ən güclü alət internet olmağa başlamışdır. Bu gün nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bilməliyik, bu aləti öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaların düzgün, hansıların isə yalan olduğunu seçmək qabiliyyətlərini artırmalıyıq. Bu, eyni zamanda dövlətin qarşısında duran çox mühüm bir vəzifədir.
Partiyanın qəbul etdiyi yeni proqram siyasi ardıcıllığın bariz nümunəsidir. Partiyada nəsillərarası əməkdaşlıq təcrübəsindən istifadə etmək, eyni zamanda yeni gənc qüvvələr vasitəsilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasını təmin etmək istiqamətində atılan addımlar müəyyən edilən hədəflərə çatmağa dəstək olacaqdır. Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni zamanda ən önəmli məsələlərdən biri yeni məzmun və yeni gündəliyin yaradılması qarşımızda duran əsas çağırışlardandır. Bu gün YAP qeyd etdiyimiz məsələlərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edə bilən, eyni zamanda bu texnologiyalar vasitəsilə yeni gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər yayan bir partiya olmağı qarşısına hədəf qoyub və buna ardıcıl olaraq nail olmaqdadır. Bu, eyni zamanda partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağırışlara cavab verməklə siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi bir vəzifədir.
Əminəm ki, qəbul edilmiş proqramda müəyyən edilmiş hədəflərə nail olmaqla biz partiyanın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin “gələcəyin partiyası olmaq” missiyasını əzmlə davam etdirəcəyik.
Tahir Mirkişili
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri