Newscenter.az.30.01.2022. Qazaxıstan prezidenti Tokayev bildirib ki, ölkədə əsaslı islahatlar həyata keçirilir. Xüsusilə də təhsil sahəsində yeniliklər olacaq. Qazax gənclərin texniki ixtisaslar üzrə əsasən Rusiyanın ali məktəblərində təhsil almasına üstünlük veriləcək.
Qazaxıstan prezidenti bunun iki səbəbinin olduğunu qeyd edib:
1. Rusiyanın Qazaxıstan üçün strateji tərəfdaşı olması;
2. Texniki sahələr üzrə Rusiya təhsilinin Qərb təhsilindən üstün olması.
Əlavə səbəb kimi prezident dil amilinə diqqət çəkib.
Nazarbayev dönəmində Qazaxıstan Qərb universitetlərinə ən çox tələbə yollayan postsovet ölkə idi.
Bundan başqa, Tokayev bildirib ki, yaradılmış Xalq Fonduna (bizim dildə buna Heydər Əliyev fondu deyilir) artıq 70 milyard tenge toplanıb və böyük biznes fonda gəlirlərinin 3% qədərini ödəməkdə davam edəcək.
Təəssüf ki, Azərbaycan siyasi kəsimində Rusiya təsirinin real (acınacaqlı) təsiri layiqincə dəyərləndirilmir. Bunun da əsas səbəbi siyasi kəsimin böyük bir hissəsinin aşağıdakı qruplardan təşkil olunmasıdır:
- real 5-ci kolon;
- potensial 5-ci kolon, yəni Rusiyadan nəsə uman və ona ümid bəsləyən fürsətçilər;
- təhlükənin miqyasını anlamayanlar.
Təəssüf ki, Qazaxıstan Rusiyanın yeni eskpansionist siyasətində sonuncu hədəf deyil. Bəlkə də hələlik birincidir, çünki indiki mərhələdə söhbət Rusiyanın postsovet ölkələri təkcə öz təsir dairəsinə daxil etməsindən yox, onların inkişaf konsepsiyasını kökündən dəyişməsindən gedir.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri