Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTV-də Rəsulzadə haqda filmə qadağa qoyuldu



Newscenter.az.30.01.2022. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 138 illiyi ilə bağlı “Caspian Media Holding” tərəfindən hazırlanan və AzTV-də nümayiş etdirilməsi nəzərdə tutulan sənədli film dövlət televiziyasında yayınlanmayacaq.

Yenicag.az xəbər verir ki, Rəsulzadə haqqında çəkilən sənədli filmin AzTV-də yayımlanmayacağını “Caspian Media Holding”in yaradıcısı, layihənin müəllifi Hüseyn Cavadzadə deyib.

Qeyd edək ki, “Yüz ilin sirləri” sənədli filminin Rəsulzadəyə həsr olunan bölümünü Hüseyn Cavadzadə yanvarın 27-də özünün sosial şəbəkə hesabında müjdə kimi açıqlamışdı:

“Rəsulzadə sevənlər və ya Xalq! Çoxdan intizarla gözlənilən, arzulanan “Yüz İlin Sirləri”nin Azərbaycanın qurucusu M.Ə.Rəsulzadəyə həsr olunan buraxılışı 31 yanvar, Rəsulzadənin doğum günü tarixində, bizim isə verilişimizin 1 illiyi münasibəti ilə bağlı tədbirimizdə yayımlanacaq.

Eləcə də eyni vaxtda “Youtube” kanalımda izləyicilərin ixtiyarında olacaq. Əminəm ki, bu buraxılışımız özü bir tarixdir. Silinməyən tarix, Rəsulzadə kimi.

Fotoda qarşımdakı kağızlar Rəsulzadənin türkiyəli tarixçilər tərəfindən bizdən qorunan və bizə verilməyən arxiv sənədləridir”.

Lakin bu paylaşımdan cəmi bir gün sonra məlum oldu ki, “Yüz İlin Sirləri”nin Rəsulzadəyə həsr olunan bölümü AzTV-də yayımlanmayacaq. Bu üzücü xəbəri də prodüser sosial şəbəkə vasitəsilə diqqətə çatdırıb.

Məsələnin aktuallığını nəzərə alaraq əlaqə saxladığımız Hüseyn Cavadzadə Yenicag.az-a açıqlamasında diolomatik davranaraq, haqqında danışılan filmi yayımlamaq səlahiyyətinin AzTV-yə məxsus olduğunu vurğulayıb:

“Biz bir ildən artıq müddətdə çəkilişlərini müxtəlif ölkələrdə apardığımız “Yüz İlin Sirləri” filminin Rəsulzadəyə həsr edilmiş bölümünü AzTV-yə təhvil vermişik. Bundan sonra filmin yayımlanıb-yayımlanmayacağı kanalın siyasətidir, buna müdaxilə edə bilmərik”.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva isə sözügedən filmin yayımlanmamasının səbəbi haqqında məlumatının olmadığını deyib:

“Bu məsələ bizim şöbəyə aid olmadığı üçün heç nə deyə bilmərəm. Bizdə televiziyanın proqram direktorluğu var, efirə gedəcək-getməyəcək mövzuları onlar müəyyənləşdirirlər. Ümumiyyətlə, bizə qıraqdan çox təkliflər gəlir, ancaq onların hamısı efirə verilə bilməz axı…”
Xəbəri paylaş