Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənclərin biznes emalatxanası” layihəsi üzrə biznes təlimlərinə start verilib



Newscenter.az.31.01.2022. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi “Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində Cəlilabad rayonunda biznes təlimlərinə start verilib.

Newscenter.az xəbər verir ki, təlimdə Cəlilabadda peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edir. Cəlilabad Peşə Liseyində keçirilən təlimdə gənclər KOBİA-nın KOB İnkişaf Mərkəzinin ekspertləri tərəfindən sahibkarlıq fəaliyyəti, satış, korporativ idarəetmə, rəqəmsal bacarıqlar və s. kimi ilkin biznes biliklərinə yiyələnəcəklər. Təlimlər bir həftə davam edəcəkdir.

Təlimlərə başlanılması ilə bağlı təşkil olunmuş tədbirdə KOBİA, Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri layihənin məqsədi, mərhələləri və əldə ediləcək nəticələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

“Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

2021-2023-cü illəri əhatə edəcək layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçiriləcək. Layihə bitkiçilik və heyvandarlıq, turizm, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, dərzi, çilingər, aşpaz, şirniyyatçı və qaynaqçı kimi sahələri əhatə edir.

Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir. Sonra həmin gənclərin KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunması, onlara mentorluq dəstəyinin göstərilməsi, biznes müəssisələrinə təlim və təcrübə səfərlərinin təşkili, təlimləri uğurla başa vuracaq gənclərin seçdikləri fəaliyyət sahələri üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulur.


Sevinc
Xəbəri paylaş