Newscenter.az.31.01.2022. Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu müştəriləri üçün ardıcıl, etibarlı xidməti təmin edən ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatı əldə edib. Hollandiyanın Qida və Kənd Təsərrüfatı sahəsində ixtisaslaşmış KIWA beynəlxalq akkreditasiya qurumu tərəfindən keçirilmiş audit zamanı Baytarlıq Elmi-Tədqiqat İnstitutunun xidmətləri beynəlxalq standartların tələblərinə uyğun olduğu sübut edildikdən sonra elmi müəssisə bu sertifikata layiq görülüb.
Newscenter.az xəbər verir ki, ISO 9001:2015 sertifikatı maraqlı tərəflərin ehtiyaclarına cavab verən xidmətlərin ardıcıl şəkildə təmin edilməsi üçün sertifikatlaşdırılmış “Keyfiyyət İdarəetmə Sistemi”dir. Bu standartı tətbiq etmək İnstituta xidmət istifadəçiləri üçün prosesləri mümkün qədər sadələşdirməyə və rəqabət üstünlüyünü qorumağa imkan verir.
ISO 9001:2015 sertifikatına sahib olmaq Baytarlıq Elmi-Tədqiqat İnstitutunun davamlı olaraq yüksək standartların tətbiqində maraqlı olmasının göstəricisidir. ISO 9001 standartına riayət etmək institutun fəaliyyətini daha da səmərəli edir və xidmətlərinin keyfiyyətini artırır. Müştərilərin çoxu beynəlxalq standartların tələblərinin tətbiq olunduğu qurumlarla işləməyə üstünlük verir. Buna görə də akkreditasiyaya malik olmaq onların istəklərinə dəstək olmaqdır.
Baytarlıq Elmi-Tədqiqat İnstitutu bu nailiyyətə qısa müddət ərzində (2018-2021-ci illər) nail olub.
Belə ki, son illər Kənd Təssərüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası möhkəmlənib, elmi-tədqiqat diaqnostik laboratoriyası 2-ci Biotəhlükəsizlik Səviyyəsinə uyğunlaşdırılıb və müasir standartlarına cavab verən avadanlıqlarla təchiz edilərək peşəkar mütəxəssislərin istifadəsinə verilib. İnstitutun Bakı şəhərində yerləşən inzibati binası, tabeliyində yeni inşa edilmiş və müasir avadanlıqlarla təchiz olunmuş Baytarlıq Klinikası fəaliyyətə başlayıb. Baytarlıq Klinikası İnstitutun nizamnaməsinə və fəaliyət istiqamətlərinə uyğun olaraq kənd təsərrüfatı heyvanları ilə yanaşı, ev heyvanlarının müayinə-müalicəsi ilə məşğul olur. Klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya cərrahiyyə şöbələri mövcuddur və burada diaqnostik müayinələrdən USM, rentqen, endoskopiya, exokardioqrafiya, biokimya laboratoriyası xidmətləri göstərilir.
Qeyd edək ki, ISO 9001:2015 sertifikatı biznesin səmərəliliyini və müştəri məmnuniyyətini artırmaq üçün keyfiyyət idarəetmə standartıdır. ISO 9001 sertifikatının İnstitutda tətbiq edilməsində məqsəd keyfiyyət idarəetmə sisteminin tələblərinə uyğun fəaliyyəti təkmilləşdirmək, məhsuldarlığı artırmaq, lazımsız xərcləri azaltmaq, proseslərin və xidmətlərin keyfiyyətini təmin etməkdir.
Sevinc