Newscenter.az.31.01.2022. 1920-ci ildə Azərbaycan Cümhuriyyəti süquta uğradı. Çox keçməmiş, bolşeviklər Məhəmməd Əmin Rəsulzadəni Lahıcda tutub Bakıya, Şura hökumətində xüsusi idarənin rəisi olan Pankratovun yanına gətirdilər. Burada qərar çıxardılar ki, Müsavat lideri güllələnməlidir. Onun ölümünü gecə saat 12-00-a saldılar ki, bunu eşidən əhali etiraz aksiyasına keçirməsin. Rəsulzadənin güllələnməsi prosesində iştirak edəcək şəxslər Pankratov və Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev təyin etmişdi. Hətta Rəsulzadəni güllələyəndən sonra onun meyidinin itirilməsi və sonra da əhaliyə “Rəsulzadı qaçdı” kimi xəbər verilməsi planlaşdırmış idi.
1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlament-də müzakirə olunanda qalmaqal düşür. Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məmmədəmin Rəsulzadənin üstünə çımxırır:
- Razılaşmasan, gözlərini çıxartdaram!
M.Rəsulzadə təəssüflə cavab verir:
- Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
- Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
- Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan!
Bunu eşidən Nəriman Nərimanov dərhal Pankratovun yanına gəlir. Onlar arasında mübahisə düşür, Əleydhər Qarayev də bu zaman gəlib ora çıxır. Nərimanovla mübahisə hətta az qalır ki, əlbəyaxa davaya çıxsın. Nərimanov onların fikirin dəyişə bilmir. N.Nərimanov gənclik illərində dostluq etdiyi, sonralar fərqli siyasi əqidələrinə görə yolları ayrıldığı M.Rəsulzadənin millətimiz qarşısında xidmətlərini nəzərə alaraq onu həbsdən azad etdirib, ölümdən qurtarmaq üçün yeganə çıxış yolunu Stalinə xəbər verməkdə görür. O, Vladiqafqazda olan Stalinə zəng edib xəbər verir ki, Pakratov və Qarayev cütlüyü hazırda Szin həyatınızı vaxtilə xilas edən şəxsi güllələmək istəyir. Sizin xəbəriniz olsun bu barədə. Rəsulzadə özü də Sizə bunu deməyi məndən xahiş edib. Stalin bunu eşidib dərhal Bakını yığır, Pankratova tapşırdı ki, Rəsulzadəyə hələlik əl vurulmasın, çox güman, özü bu gün Bakıya gələcək. Bakıya səfər etməyi planlaşdırmayan Stalin şəxsi vaqonu ilə şəhərə çatan kimi Pankratovun уаnınа getdi. Burada Məhəmməd Əminlə bağlı söhbətləri oldu. Stalinin gəldiyini eşidən Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayev həmin vaxt tələsik özünü Pankratovun iş otağına çatdırdı. Burada o, qətiyyətlə bildirdi ki, əgər Rəsulzadə həyatda qalsa, proletariata ziyan vuracaq: “Yoldaş Stalin, yoldaş Pankratov, Rəsulzadə güllələnməyincə, Bakıda Şura hökumətinin bərqərar olması şübhə altındadır. Inqilab adından tələb edirəm ki, Rəsulzadə haqqında ölüm hökmü çıxarılsın!”, — deyə o bildirdi.
Pankratov Əliheydər Qarayevin odlu-alovlu çıxışından vəcdə gəlib onunla eyni fikirdə olduğunu bildirəndə Stalin: “Yoldaş Pankratov, sizin inqilabın düşməni adlandırdığınız bu kişi məni iki dəfə ölümdən qurtarıb. Rəsulzadə buradan sağ-salamat gedəcək” — deyib fikrini vurğuladı.
Stalinlə Nərimanov arasında da görüş olur. Nərimanov məsləhət görürür ki, Rəsulzadəni burdan aparmaq lazımdır. Qalsa Bakıda onu öldürəcəklər. Lakin Rəsulzadə Bakıdan getmək istəmir. Stalin bunu həll edəcəyini Nərimanova söz verir və 1920-ci ildə həbsxanada onunla görüşərkən Rəsulzadəyə deyir: “Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi də budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün gərəkli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə Sizə azadlıq verilməlidir. Məhəmməd Əmin bəy, məsləhətim budur ki, Bakını tərk edəsiniz. Qalmaq istəsəniz, уеnә də öz işinizdir. Amma bilin ki, mən Bakıdan aralanan kimi Sizi yenidən həbs edib güllələyəcəklər. Gəlin Sizi özümlə Moskvaya араrım."
Rəsulzadə müsavatçılarla məsləhətləşmək üçün Stalindən bir gün vaxt aldı.
Təklifi bəyənən müsavatçılar Rəsulzadənin onunla Moskvaya getməsini məsləhət gördülər.Beləliklə, Stalin Rəsulzadəni, Abbasqulu Kazımzadəni və Məhəmməd Əminin əmisi oğlu Məhəmməd Əlini özüylə Moskvaya apardı.
O, bolşevik istilasından sonra xaricə getməyə məcbur oldu. Amma Rəsulzadə xaricdə də Azərbaycanın azadlıq mücadiləsini davam etdirdi. Həmin dövrdə O, böyük uzaqgörənliklə yazırdı:
“...Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz , vətəndaşlar.”
Rəsulzadənin dedikləri düz çıxdı və 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış haqqın rəhmətinə qovuşub. Onun məzarı başında məsləkdaşı Əbdülvahab Yurdsevər söylədiyi kimi “...Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur... Torpağa verdiyimiz onun vücududur. Başımızda və qəlbimizdə yaşayan onun ölməz böyük ruhudur...”.
Onun haqqında Qarsda nəşr edilən “Birlik” qəzeti yazırdı: “O, Azərbaycan qurtuluş davasının bayrağı idi. O bayraq bütün azərbaycanlıların qəlbində dalğalanacaqdır. Azərbaycan tarixinin böyüklər səhifəsində yerini alan M.Ə.Rəsulzadə əbədiyyən yaşayacaqdır”
Dosent Zaur Əliyev