Newscenter.az.31.01.2022. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub. Bu, Prezidentin Azərbaycanın ikinci böyük şəhərinə sayca 18-ci səfəridir. Səfər çərçivəsində Prezident ənənəvi olaraq bir sıra açılışlarda iştirak edib. Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının və 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışında iştirak edib.Bundan başqa, Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olan Prezident, həmçinin Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunu istismara verib.
Əslində bu açılışlar onu göstərir ki, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim Prezidentin diqqət mərkəzindədir. Ölkə başçısının özünün də dediyi kimi, bu açılışlar həm də onu göstərir ki, baxmayaraq, bizim əsas diqqət mərkəzimiz azad edilmiş torpaqlara - Qarabağa və Zəngəzuradır. Eyni zamanda bütün başqa şəhər və rayonlarımız daim diqqətlə əhatə olunur.
Prezidentin hədəfində yenə də Köçəryan və Sərkisyan vardı.
Ölkə başçısının Gəncə şəhərinə səfəri çərçivəsində ən diqqətçəkən məqam şübhəsiz ki, onun 44 günlük Vətən müharibəsi ərzində erməni faşist ordusu tərəfindən dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyması və daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsi oldu. Prezident çıxışı zamanı bir daha qeyd etdi ki, biz 44 günlük müharibə zamanı hər şeydən öncə erməni faşizmini məğlub etmişik. Bundan başqa, Prezidentin hədəfində yenə də Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan və Serj sərkisyan var idi.
İlk öncə onu deyim ki, Prezidentin xüsusilə Gəncəyə səfəri zamanı “erməni faşizmini məğlub etmişik” deməsi və Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan ilə Serj Sərkisyanı sərt tənqid etməsi səbəbsiz deyildi. Məlum olduğu kimi, Gəncə şəhəri 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən idi. Prezidentin də qeyd etdiyi kimi müharibə zamanı Gəncəyə 13 raket atılıb. Onlardan 8-i partlayaraq mülki insanların həyatına son qoyub. Məsələ ondadır ki, Gəncə şəhəri nə təmas xəttində idi, nə də cəbhə bölgəsinə yaxın ərazi. Digər tərəfdən, ermənilər Gəncədə müharibənin seyrinə təsir edəcək hərbi obyektin olmadığını da bilirdi. Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut edir.
İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə dinc əhalini hədəf seçməsi bu ölkənin siyasi dairələrinin hələ də faşist düşüncəsində olduğunu göstərir.
Hesab edirəm Prezident “biz erməni faşizmi üzərində qələbə qazandıq” deyərkən əslində ermənilərin Gəncəyə və digər şəhərlərimizə hücumunu alman faşistlərinin mülki ərazilərə hücumu arasında paralellik aparır.
Prezidentin bu məsələlərlə paralel Sərkisyan və Köçəryanı hədəf alması isə təsadüfi deyil. Məsələ ondadır ki, həm Köçəryan, həm də Sərkisyan Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla əzab vermiş, onları qətlə yetrmişdir. Hesab edirəm Prezident hər vəchlə bu iki şəxsin adını çəkməsi və sanki dünya ictimaiyyətinin diqqətinə israrla çatdırması bu şəxslərin bu gün azadlıqda gəzməsi ilə əlaqədardır.
Prinsip etibarilə Prezidentin bu iradı yerində və doğrudur. Çünki əli uşaq, qadın, qoca qanına batan bu şəxslər faktiki olaraq insanlıq cinayəti edib və hələ də azadlıqdadır. Hesab edirəm Prezident çıxışlarında tez-tez Sərkisyan və Köçəryanı iddiham etməsi bu şəxslərin də İkinci Dünya müharibəsi sonrası Nürinberq məhkəməsində mühakimə edilərək cəzalandırılan faşist liderlər kimi cəzalandırılması ilə əlaqədardır.
Turan Rzayev-siyasi ekspert