Newscenter.az.31.01.2022. Anormal, heç bir çərçivəyə sığmayan, tanındığı gündən üzü bəri davranışları, etdiyi pislikləri və açıqlamaları ilə ölkə vətəndaşlarını qıcıqlandıran və narahat edən Ramiz Mehdiyev Tarix İnstitutuna və onun direktoru professor Kərim Şükürova qarşı qərəzli növqeyi ilə yenidən KİV müstəvisində həfədə çevrildi.
O, AMEA-nın prezidenti adına sahib olduğu andan, yarandığı gündən siyasi intiriqalardan, mənasız çəkişmələrdən, korrupsiya və neqativ hallardan uzaq olub, Azərbaycan elminə böyük töhvələr verən bu elm məbədinin ənənələrinin üstündən xətt çəkib, onu bitib-tükənməyən ambisiyalarının həyata keçirilməsi platformasına çevirərək, “dövlət içərisində dövlət” yaratmaq kimi məkrli və təhlükəli planına start verdi. Vaxtilə vəzifəyə təyinatlarında bu və ya digər şəkildə “əməyi” olmuş səbadsız insanları ətrafında toplayıb, onlara tapşırıqlar verməkdən belə çəkinməyən, dövlətçiliyimizə qarşı sabotajla məşğul olan “Boz Kardinal”ın bu anti-dövlət addımlarına cəmiyyətimizdə, mətbuatda və sosial şəbəkələrdə sərt təpki göstərildi. Planları ifşa edilən və bu planların təhlükəli xarakter daşıdığının fərqində olan “ramizçilər”in İstiqlal küçəsində yerləşən baş ofisin qapısı önündəki növbələr də seyrəlməyə başladı.
R.Mehdiyev xalqımızın fəal seqmentindən ciddi zərbə almasından nəticə çıxarmaq əvəzinə, əksinə daha da aqresivləşdi, “məğlubedilməzliyini” nümayiş etdirmək üçün pandemiyanın ölkəni başdan-başa bürüdüyünə və kütləvi tədbirlərin rəsmi şəkildə qadağan edilməsinə əhəmiyyət vermədən, çoxsaylı insanların iştirakı ilə nəvəsinə təm-təraqlı toy mərasimi keçirdi, “yenilməzlik” görüntüsü yaradaraq ehtiyac olmadan iki gəncin sevinclərinin üstündən xətt çəkdi, kürəkənini göz yaşı içərisində 15 sutkalıq həbsə və toya dəvət etiklərini isə qanun qarşısında cavab verməyə ünvanlandırdı.
Onun dövlətə, qanunlara və cəmiyyətə qarşı yönələn və nümayişkaranə xarakteri daşıyan bu davranışı ölkədə çox hiddətlə qarşılandı və bütün KİV-də və sosial şəbəkələrdə kəskin tənqidə məruz qaldı, böyük qınaq obyektinə çevrildi. Lakin R.Mehdiyev yenə də cəmiyyətin ona olan antipatiyasını nəzərə almadan əməllərini davam etdirməkdə dirəniş göstərməyə üstünlük verdi.
Şəxsi keyfiyyətlər, milli dövlətçiliyimizə və xalqımıza bəslədiyi kin-küdurət, ölkənin prezidenti ola bilmədiyinə görə hər kəsə qarşı dərin nifrət onu rahat buraxmır ki, buraxmır. Götür-qoy edərək, uzun zaman kəsiyində şəxsinə göstərilən neqativ münasibətdən dərs alaraq, başını aşağı salıb, ona göstərilən yüksək etimadı doğruldaraq, rəhbərlik etdiyi elm ocağında zamanın və dövlətin yaratdığı imkanlardan bəhrələnərək, üst-üstə yığılan problemləri aradan qaldırmaq, elmə yeni nəfəs vermək üçün tanınmış alimləri, istedadlı gəncləri ətrafına yığmaq və elmi diskussiyalar aparmaq əvəzinə, akademiyanı dedi-qodu, intriqa, korrupsiya yuvasına çevirən “baş akademik” özünəməxsus və rüşxənd doğuran “islahatlar” aparmağa, şəxsi tapşırıqlarını sözsüz yerinə yetirən aparat yaratmağa, institutların idarəçiliyini kommersiya təyinatlı qurumlara çevirməyə, şəxsinə sədaqət prisnsipinə əsaslanaraq Rəyasət Heyətinin tərkibini dəfələrlə dəyişməyə üstünlük verir və faktiki olaraq akademiyanın fəaliyyətini iflic edir.
Yaradıcı və elmi mühitdən uzaq, qeyri-sağlam mənəvi-psixoloji durum, bu gün Milli Elmlər Akademiyasının məyyusluq doğuran mənzərəsidir.
Həyat boyu peşəkar və sistemli elmi yaradıcılıqla məşğul olmayan, tipik sovet bürokratik və eybəcər idarəçilik məktəbinin yetirməsi və erməni strateqləri tərəfindən hazırlanıb, Azərbaycanın idarəçilik sistemində yerləşdirilən, bütün varlığı ilə anti-milli mahiyyət daşıyan “Boz Kardinal” ustalıqla maskalanaraq, milli dövlətçiliyimizə və xalqımızın istedadlı genefonduna qarşı məkirli niyyətlərini usanmadan həyata keçirməkdə, mənsub olduğu dünya erməni ailəsinə sədaqətilə xidmət etməkdədir.
Tarix İnstitutunun direktoru, tarix elminə ciddi töhfələr verən, şəxsiyyətini və qürurunu dəyərləndirməyi bacaran və respublikamızda nəcib insan, ciddi alim kimi tanınan Kərim Şükürova hücumu da təsadüfi deyildi. Dünya erməniliyinə qarşı ideoloji mübarizədə Tarix İnstitutunun apardığı prinsipial mübarizə təbii ki, R.Mehdiyevi narahat etməkdə idi.
Əməkdaşlarının açıq şəkildə dedikləri kimi, son iki ildə akademiyada adi həyat normasına çevrilən özbaşnalıq, məddahlıq, məsuliyyətsizlik, qohumbazlıq, iclasların “razborka” alətinə çevrilməsi, ayrılan vəsaitlərin şəxsi məqsədlər üçün istifadə olunması, plagiatçılıq və saxta əsərlərə yaşıl işıq yandırılması, faktiki olaraq elm mərkəzinin elmə aid olmayan qohumlar və yaxınlar tərəfindən idarə olunması, dövlət maraqlarının yaratdığı şəbəkə və qrup maraqlarına qurban verilməsi, ömürlərini elmə həsr edib, əhəmiyyətli uğurlara imza atan ailimlərə, istedadlı gənclərimizə göstərilən bağışlanmaz biganə münasibət, AMEA-nın nəzdində olan bütün institutların iflic vəziyyətinə salınması Azərbaycan elminə böyük korifeylər vermiş elm ocağı haqqında xoşagəlməz və acı təəssüratlar doğurmaqda, böyük ziyalılar ordusunu dövlətdən narazı salmaqdadır.
R.Mehdiyev artıq öz əməlləri ilə olduqca ciddi strateji əhəmiyyət kəsb edən AMEA-nın rəhbəri kimi mühüm vəzifəni daşımağa mənəvi haqqını itirib. Onun bu vəzifədə qalması AMEA-nın daha dərin uçuruma yuvarlanmasına və olub-qalan nüfuzunun tamamilə itirməsinə şübhə yeri qoymur.
Milli Elmlər Akademiyasının ciddi islahatlara ehtiyacı var. Bu islahatları həm də ölkə prezidenti, cənab İlham Əliyevin 2019-cu ildən start verdiyi və uğurla həyata keçirdiyi dərin islahatlar siyasətinin mahiyyəti və məntiqi tələb edir. Ümid edək ki, peşəkar, milli, enerjili, novator alimin bu mühüm vəzifəni öhdəsinə götürmək şansı çox da uzaqda deyil.
Bütün bunlarla bərabər, həm də yerişində, duruşunda və danışığında ciddi problemlər yaşayan Ramiz Mehdiyevin ağır yükdən azad edilməsi artıq zərurətə çevrilib və bu, akademikə göstərilən mərhəmət və xeyirxahlığın ifadəsi olardı. Əlbəttə, dəyərli akademiklərimiz bu xeyirxahlıqla yanaşı, təmiz imiclərinin və Azərbaycan elminin gələcəyi naminə başlıca məsuliyyəti öz üzərinə götürməkdə tərəddüd etməli deyillər.
Fəzail Ağamalı,
Millət Vəkili