Newscenter.az.31.01.2022. Saatlıda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülərə qarşı yol polisi profilaktik tədbirlər keçirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlar veriblər.
Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər də aşkarlanıb.
Qaydaları pozan sürücü və sərnişinlər barəsində inzibati tənbeh tədbirləri görülüb.
XXX
Nazirlər Kabineti yanında Operativ Qərargahın Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə müəyyən etdiyi qaydaların yerinə yetirilməsi istiqamətində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə bəzi vətəndaşların hələ də karantin rejiminin tələblərinə laqeyd yanaşdıqları aşkarlanıb. Polis əməkdaşları tərəfindən tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib. Qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq edilməklə qanunamüvafiq tədbirlər görülüb.
Tədbirlər zamanı vətəndaşlara bu cür tədbirlərin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasının kütləvi yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması, əhalinin sağlamlığı naminə sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılması olduğu barədə məlumat verilib.
Mehman