Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” bu il 25 meşəətrafı kəndi qazlaşdıracaq



Newscenter.az.1.02.2022. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il ölkədə 25 meşəətrafı kəndi qazlaşdıracaq.

Bu barədə Newscenter.az-a qurumdan bildirilib.

Məlumata görə, "Azəriqaz"la Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında növbəti dəfə işçi görüş keçirilib. Görüşdə İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev və digər məsul şəxslər, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.

Görüşdə ölkə ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması məsələləri geniş müzakirə edilib.

"Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov hazırda ölkə üzrə 982 qazlaşmayan kəndin mövcud olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi bildirib ki, bunlardan 426-ı meşə ətrafı ərazidə yerləşir. Bu ərazilərdən isə yalnız 260-nın texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilir.

“Azəriqaz” 2022-ci ildə sözügedən 260 kəndin 25-ni təbii qazla təmin edəcək. Qalan 235 kənd isə növbəti 5 ildə tamamilə qazlaşdırılacaq.

Görüş zamanı digər məsələlər də müzakirə edilib. Bildirilib ki, yeni ərazilərin qazlaşdırılması əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına da dəstək olacaq.
Xəbəri paylaş