Newscenter.az.1.02.2022. Bu günlərdə start verdiyim “Millət vəkilinin könüllüləri” adlı layihə ilə bağlı bir neçə saytda tənqidi yazılar, “deputat görəcəyi işləri könüllülərin həyata keçirməsini istəyir”, “bu layihənin gənclər üçün heç bir perspektivi yoxdur” və s. kimi fikirlər səsləndirilib. İlk öncə onu qeyd edim ki, “Mentor könüllü” və ya deputat könüllüsü dediyimiz layihə Milli Məclisin Gənclər və idman komitəsi tərəfindən 2021-ci ildə ilk dəfə təklif edilmişdir. Bildiyimiz kimi 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir, Könüllülük əvəzi ödənilməyən fəaliyyət olmaqla xalqımızın həyatından irəli gələn və qəlbindəki xeyirxahlıq hissinin əyani təcəssümüdür.
Newscenter.azxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili qeyd edib ki, gənclərimizin vətənpərvər, savadlı, bilikli və bacarıqlı yetişməsi hər birimizin və ən əsası dövlətimizin əsas amalıdır. Deputatın sözlərinə görə, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci bəndində göstərilir ki, könüllü – öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir:
"Vətəndaşlarımızın “mentor könüllü” fəaliyyətinə cəlb edilməsi, xüsusilə gənclərimiz üçün müsbət təcrübə proqramı olacaq. Bu proqramda iştirak edəcək gənclərə öz mentoru tərəfindən xarici dil biliklərinin, bacarıqlarının artırılması da daxil olmaqla genişmiqyaslı köməklik göstəriləcək. Mentorlar gənclərimizlə həm uğurları, həm də uğursuzluqlarla bağlı təcrübələrini paylaşacaq, proqram müddətində və daha sonra da motivasiya dəstəyi verəcək, elm, karyera istiqamətində müsbət təcrübələrini bölüşəcək, həm özü, həm də dəvət etdikləri qonaqlar ilə birlikdə iştirakçıların inkişafına kömək edəcəklər."
Millət vəkili diqqətə çatdırıb ki, proqram bir neçə ay ərzində həyata keçiriləcək, iştirakçılara sonda sertifikatlar təqdim ediləcək, habelə iş yerləri, təhsillə bağlı motivasiya məktubları, xasiyyatnamələr yazılacaqdır. Eyni zamanda proqramda könüllülük əsasında iştirak edəcək şəxslər deputatın fəaliyyəti ilə yaxından tanış olmağa imkan tapacaq, deputatla birlikdə seçici qəbulunda, sənədlərin toplanmasında, vətəndaşlar tərəfindən ərizələrin yazılmasında, ən mühümü isə şəhid ailələri və qazilərlə işlərdə geniş köməklik göstərəcək, vətəndaşlarla iş, kargüzarlıq qaydaları, eləcə də dil bilgilələrinin və bacarıqlarının artırılmasına nail olacaqlar:
"Gənclərimizin vətənpərvər ruhda yetişdirilməsi, əmək bazarına hazırlanması, habelə ölkəmizin ictimai-siyasi həyatında fəallığını təmin etmək, bu layihənin əsas məqsədidir. Qanunun 2.3-cü maddəsində aid olan siyahıda qeyd olunmuş Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanıdır. Deputat Milli Məclisin üzvüdür və bu fəaliyyəti həyata keçirməsinə heç bir məhdudiyyət yaratmır. Son olaraq onu da qeyd edim ki, hər bir deputat kimi mənim də köməkçim var və gördüyümüz işlərdə əlavə kiminsə köməyinə ehtiyac yoxdur".
Ruhiyyə