Newscenter.az.1.02.2022. Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlu nəticələrindən biri də 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir.
Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 55 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyət göstərir. Nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında ölkəmizdə gənclər siyasətinə böyük önəm verildiyini qeyd etdi. Deputat bildirdi ki, bu ənənənin əsası ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə qoyulub: “Ümummilli Liderimiz hakimiyyətə gəldiyi zaman ilk yaratdığı Nazirlik Gənclər və İdman Nazirliyi oldu. Ardıcıl olaraq gənclər forumlarının keçirilməsi, bu tədbirlərdə Heydər Əliyevin iştirak etməsi, gənclər qarşısında məruzəsi, önəmli və faydalı fikirlər səsləndirməsi gənclərə Azərbaycanın gələcək inkişafının necə olması barədə yaxşı nümunə idi. Ümummilli Liderimiz keçirilən forumlarda Azərbaycançılıq ideologiyasının bünövrəsini qoyurdu. Bugünkü gəncliyimiz o xəttlə inkişaf etdi. Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə diqqət və qayğısı, gənclər günün təsis olunması, gənclər ili elan olunması bu ənənənin layiqincə davam etdirilməsinin göstəricisidir.
Gənclər və İdman Nazirliyinin nəzdində idman klublarının, olimpiya mərkəzlərinin, rayonlarda federasiya nümayəndəliklərinin olması gənclərimizin vətənərvər və fiziki sağlam yetişməsi üçün önəmli rol oynadı. Son illərdə ölkəmizdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılması bu sadaladıqlarımıza bariz nümunədir. Hazırda karyera mərkəzləri həm Bakıda, həm də regionlarda fəaliyyət göstərirlər. Mərkəzdə gənclərin karyeralarındakı önəmli məsələlər, onların təlimlərə cəlb olunması, biliklərinin artırılması üçün layihələrin təşkil olunması Azərbaycan gəncinin bütün sahələrdə inkişaf etmiş, daha innovativ və güclü insan kimi yetişməsinə şərait yaradır. 44 günlük Vətən müharibəsində Azərbaycan gənci öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Bütün dünyaya Vətəninə, torpağına, xalqına olan bağlılığını nümayiş etdirdi. Bizim gənclərimiz sözün əsl mənasında qəhrəmanlıq simvoluna çevrildilər. Bunların hər biri gənclər siyasətinin dövlətimiz üçün strateji bir sahə olduğunun sübutudur. Bu gün Azərbaycan gənclərinin beynəlxalq platformalarda çıxışı ölkəmizin gələcəyinin gənclərin ideyaları ilə daha işıqlı olacağına işarədir.
Vüqar İskəndərov-Milli Məclisin deputatı