Newscenter.az.3.02.2022. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları “2021-ci il üzrə Kənd Təsərrüfatı Nazirliyinin Təlimlər Planı”na əsasən təşkil edilən 233 təlimdə iştirak etiblər. Newscenter.az xəbər verir ki, təlimlər Nazirlik sistemində çalışan təlimçilər, həmçinin, kənardan cəlb edilmiş müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən bitkiçilik, heyvandarlıq, baytarlıq, torpaqşünaslıq, informasiya kommunikasiya texnologiyaları, şəxsi inkişaf, ISO standartları, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi və digər sahələr üzrə keçirilib. Nazirlər Kabinetinin COVİD-19 pandemiyası ilə bağlı tətbiq etdiyi xüsusi karantin rejimi nəzərə alınmaqla onlayn və ənənəvi formatda keçirilmiş təlimlərdə 7694 əməkdaş iştirak edib.
“ADDIE” modelinə əsaslanaraq növbəti təlimlərin təşkili üçün təlim tələbatının müəyyən edilməsi məqsədilə hər təlimdən sonra iştirakçılar arasında sorğular keçirilib. Bu sorğular vasitəsilə iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi aparılıb, toplanmış datalar analiz edilərək nəticələri Nazirliyin mərkəzi məlumat bazasına yerləşdirilib.
“Employee Onboarding” proqramı çərçivəsində Nazirlikdə işə qəbul olan 255 yeni əməkdaşın beynəlxalq təcrübəyə əsaslanan formatda mühitə uyğunlaşması və tapşırıqların icra edilməsinə başlanılması istiqamətində işlər görülüb. Yeni çalışmağa başlayan əməkdaşların adaptasiya prosesini surətləndirmək məqsədilə onlara mentor və kouçlar təyin edilib. Nazirlikdə pozitiv iş mühitinin qorunub saxlanması məqsədilə əməkdaşlar arasında məmnuniyyət, məşğulluq və digər sorğular keçirilib.
Şanlı Azərbaycan ordusunun qələbəsi nəticəsində azad olunmuş ərazilərdə çalışan Nazirlik əməkdaşlarının maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə görüş keçirilib, əməkdaşlar təhlükəsizlik qaydaları ilə bağlı təlimatlandırılıb, onlara buklet və iştirakçı pasportları təqdim edilib.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə birlikdə baytarlıq sahəsində çalışan əməkdaşlar üçün ixtisasartırma kusrları təşkil edilib. Cari ildə ixtisasartırma kurslarına cəlb ediləcək əməkdaşların həm sayı, həm də ixtisaslaşma arealının genişləndirilməsi nəzərdə tutulub.
Eyni zamanda, 2021-ci il ərzində Nazirliyin beynəlxalq institutlarla da əməkdaşlığı davam etdirilib. Belə ki, 111 nəfər əməkdaş beynəlxalq təlimlərində iştirak edib, 2 nəfər magistr təhsili almaq üçün təqaüd qazanıb və bir çox mütəxəssislərimiz müxtəlif layihələrin icrasında xarici mütəxəssislərlə bərabər fəaliyyət göstəriblər.
Rəqabətqabiliyyətli kadr bazarının və müasir çağırışların tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə www.aqrokadr.az portalı istifadəyə verilib. Aqrar sahə üzrə ixtisaslaşmış elektron mənbənin yaradılması ilə portal işaxtaranların bu sahədə vakansiyalara çıxışının asanlaşdırılmasına və peşəkar kadrların cəlb edilməsinə şərait yaradır.
Ötən il Nazirlik sistemində çalışan əməkdaşların bilik və bacarıqlarının müasir tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə daxili imtahanlar keçirilib. İlkin mərhələdə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin 600-dən artıq əməkdaş imtahanlara cəlb edilib. Cari il imtahanlara Nazirliyin digər əməkdaşlarının da cəlb edilməsi nəzərdə tutulub.
2021-ci ilin sonunda Nazirliyin qurumları arasında təlim və inkişaf ehtiyacları barədə sorğular aparılıb, bu sorğuların nəticələrinə uyğun olaraq 2022-ci il üzrə Təlim planı hazırlanıb.
Sevinc