Newscenter.az.3.02.2022. 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə "ASAN Könüllüləri" Təşkilatı tərəfindən “Dinamik Gənclik Həftəsi 2” layihəsi reallaşdırılıb.
Newscenter.az xəbər verir ki, 1 həftə davam edən layihənin əsas məqsədi gənclərin müxtəlif istiqamətlərdə maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli keçirilməsidir. Bu istiqamətdə gənclər üçün ekskursiyalar, təlimlərlə yanaşı gənclərin şəxsi inkişafını dəstəkləyən və yeni bacarıqlar aşılayan masterklasslar, müxtəlif idman oyunları həyata keçirilib.
"ABAD" Keramika Mərkəzinə, “Zirə- Gülçülük” Kompleksinə, Arxeologiya və Etnoqrafiya Muzeyinə, Qala Arxeoloji- Etnoqrafik Muzey Kompleksinə, Atçılıq İdman Mərkəzinə təşkil olunmuş ekskursiyalar zamanı könüllülər hər bir qurumun fəaliyyəti ilə yaxından tanış olublar.
Könüllülərin asudə vaxtının səmərəli təşkili üçün futbol, futnet, teqbol turnirləri, dulusçuluq ilə əlaqədar master-klass həyata keçirilib. Həmçinin könüllülər "Azərbaycan Uşaqları" İctimai Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzini ziyarət ediblər.
"İnsan resurslarının idarə edilməsi" mövzusunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin insan resursları üzrə mütəxəssisi Günay Məmmədquliyeva ilə, "Süni İntellekt" mövzusunda Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müşaviri, Berlin Texniki Universitetinin Süni Zəka üzrə doktorantı Günay Kazımzadə ilə, "Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera" mövzusunda "Business Consultancy"nın Peşəkar idarəçisi Fəxri Ağayev ilə, “İş axtararkən nəzərə alınmalı olan məqamlar və düzgün CV hazırlanması” mövzusunda SOCAR-ın İşə qəbul üzrə aparıcı mütəxəssisi Elvin Rzayev və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnsan resurslarının planlaşdırılması üzrə aparıcı mütəxəssisi Nərmin Əliyeva ilə, “Yeniyetmə və gənclər arasında nitq mədəniyyətinin inkişafı” mövzusunda İctimai Televiziya və Radio Yayımları şirkətinin teleaparıcısı Ceyhun Əli ilə təlimlər baş tutub.
Sevinc