Newscenter.az.3.02.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Marsol MMC arasında memorandum imzalanıb.
Newscenter.az xəbər verir ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və Marsol MMC-nin direktoru Tural Mustafayev imzalayıb.
Memorandumun imzalanması mərasimində ötən il ərzində həyata keçirilən birgə layihələrdən, işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Razılaşmaya əsasən, Agentliyin fəaliyyət istiqamətləri, qarşılıqlı maraq kəsb edən layihələr üzrə, eləcə də “Məşğulluq Marafonu” çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi istiqamətində əməkdaşlıq ediləcək.
Həmçinin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə müxtəlif təşviqedici tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin istehsalat təcrübəsi keçmələri və müvafiq sahələr üzrə işlə təminatında birgə fəaliyyət göstəriləcək.
Əməkdaşlıq çərçivəsində birgə innovativ layihələrin, tədbirlərin və forumların həyata keçirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Marsol MMC 2017-ci ildən fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyət sahəsi sahibkarlığın daha da inkişaf etməsi üçün biznes nəşrlərinin çapı, sosial fəaliyyətlər, tədbirlərin təşkilidir.
Sevinc