Newscenter.az.4.02.2022. Son günlər sosial şəbəkələrdə bir-birinin ardınca yayılan video görüntülər təhsil sahəsində ciddi problemlərin olduğunu ortaya qoyub. Elə bu səbəbdəndir ki, tanınmış ekspertlər, bu sahədə çalışan insanlar təhsil sahəsində mövcud olan nöqsanların aradan qaldırılması üçün ciddi addımların atılmasını zəruri hesab edirlər. Elə hüquq elmləri doktoru, sabiq millət vəkili Cahangir Hüseynov da hesab edir ki, bu gün təhsil sahəsində kifayət qədər problemlər mövcuddur və Təhsil Nazirliyi həmin problemlər araşdırmalı, öyrənməli və onların həllinə nail olmalıdır. O təəssüf hissi ilə qeyd edib ki, bu sahədə mövcud olan problemlərin həllinə nail olmaq istiqamətində lazımı addımların atılmasını müşahidə etmir. Respublikada çoxlu sayda təhsil mütəxəssislərinin olduğunu deyən Cahangir Hüseynov onu da bildirib ki, təhsil sahəsində qardaş Türkiyənin təhsil sistemindən faydalanmaq daha yaxşı olar:
"Biz rus təhsil sistemindən artıq kənarlaşmalıyıq. Bu gün Azərbaycanda 300-dən artıq rusdilli məktəbin olduğu bildirilir. Əgər orta məktəb şagirdi öz ana dilini bilmirsə, yaxud buna imkan yoxdursa, bu çox mənfi bir haldır. Orta məktəb şagiridindən poliqlotluq gözləmək olmaz. Təsəvvür edin evdə Azərbaycan dilində danışsın, məktəbi rus dilində oxusun və eynilə məktəbdə digər xarici dil kimi ingilis dilini öyrənsin. Bununla şagird hər şeydən geri qalmış olur. Ən başlıcası isə azərbaycançılıqdan geri qalır".
Cahangir Hüseynov deyib ki, bu gün təhsilin hər bir pilləsi acınacaqlı durumdadır:
"Hərə özünə bir bağça açıb, öz istədiyi qiyməti də qoyur. Bu məktəbəqədər təhsil müəssisəsində olan problem. Sonra orta məktəb gəlir. Burada da problemlər çoxdur və əksəriyyət rus dilində təhsilə üstünlük verir. Çünki Azərbaycandilli məktəblərdə təhsil rusdilli məktəblərdən geri qalır. Ona görə də valideyn məcburdur ki, uşağının gələcəyi üçün rusdilli məktəblərə üstünıük versin. Ona görə də elə etmək lazımdır ki, həm valideyn, həm də şagird məktəbdən razı qalsın, ona əlavə repititora ehtiyac olmasın. Hesab edirəm ki, Təhsil Nazirliyi buna ciddi fikir verməlidir. Təbii ki, burada müəllimlərin də üzərinə məsuliyyət düşür. Ancaq müəllimin də maaşı elə səviyyəyə çatdırılmalıdır ki, o öz işindən razı qalsın, dərsə həvəslə yanaşsın və əlavə qazanc barədə fikirləşməsin.". Sabiq millət vəkili qeyd edib ki, təhsilə çox böyük imkan, şərait yaratmalıyıq: "Əgər yaratmasaq, o halda cahillik baş alıb gedəcək. Əfqanıstan, İraq, Suriya, elə Qazaxıstanın özündə baş verənlər cahillikdən meydana gəldi. Bütün bunlar bizə dərs olmalıdır".
"Azərbaycanda ibtidai sinifə qədər hamı Azərbaycan dilində təhsil almalıdır" deyən Cahangir Hüseynov hesab edir ki, orta təhsil müddətində isə kim istəsə digər xarici dillərdə təhsil ala bilər. Sabiq millət vəkili onu da vurğulayıb ki, dövlət ali məktəbləri güzəştli olmalıdır".
Məktəblərdə şagird-müəllim ünsiyyəti, bir müddət əvvəl şagirdlərin sinifdə yol verdiyi hərəkətlərə görə müəllimə töhmət verilməsi məsələsinə toxunan Cahangir Hüseynov hesab edir ki, müəllimə töhmət yox, tövsiyyə verilməlidir ki, bir daha belə hallar olmasın: "Eyni zamanda siniflər kameralaşdırılmalıdır ki, şagird də məsuliyyətli olsun. Əgər Təhsil Nazirliyi istəyirsə bir daha belə hallar baş verməsin, mütləq mərkəzləşdirilmiş kamera şəbəkəsi yaradılmalıdır".