Yaxud İDEA-nın ideyasını oğurlamaq cəhdi
Newscenter.az.4.02.2022. Azərbaycanda əksər qurumlar öz işləri ilə məşğul olub üzərilərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə, digər qurumların işlərinə müdaxilə edir, öz vəzifə öhdəliklərini unudurlar. Bununla da vətəndaşlar arasında haqlı marazılığa, etirazlara rəvac verirlər. Ən çox da vətəndaşı narazı salan, incidən bu və ya digər qurumun heç bir məntiqə sığmayan müstəqil qərar qəbul etməsidir. Necə ki, bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "başbilənləri" belə bir addım atıb.
Sosial şəbəkələrdə yayılan fotolar və kiçik həcmli məlumatdan aydın olur ki, bu günlərdə sözügedən nazirlik paytaxtda Jurnalistlər Binası kimi tanınan yaşayış massivinə it və pişiklər üçün nəzərdə tutulan "ev"lər "hədiyyə" edib. Əslində, bu tipli addımların atılması normal xarakter daşıyır və sahibsiz küçə itləri və pişiklər üçün bu cür şəraitin yaradılması alqışlanmalıdır. Ancaq baxır bunu hansı şəraitdə və necə edirlər.
Birincisi, yəqin ETSN bilməmiş deyil ki, bu işlə İDEA İctimai Birliyi məşğuldur və indiki halda sözügedən nazirliyin bu addımı İDEA-nın işinə müdaxilə, yaxud onun fəaliyyətini kölgə altına almaq mənası verir. Eyni zamanda bu ETSN tərəfindən İDEA-nın ideyasının mədəni şəkildə oğurlamaq cəhdidir. Ən əsası ETSN bilməmiş deyil ki, İDEA İctimai Birliyi sahibsiz küçə itləri və pişikləri üçün sığınacaqları hansısa yaşayış massivinin həyətində deyil, paytaxtdan tamamilə kənar bir ərazidə salıb. Yəni, məsləhət olsa və lazım bilsəydi İDEA-da həmin layihəni paytaxtın Fəvvarələr Meydanı, yaxud Bakının digər mühüm küçə və prospektlərində həyata keçirərdi.
Digər tərəfdən sosial şəbəkələrdə paylaşılan fotolardan aydın olur ki, ETSN Jurnalistlər Binasının həyətində "ev" "inşa edərkən " sakinlərin mövqeyini öyrənməyib, onların nazirliyin özbaşına həyata keçirdiyi it-pişik oyununa dəstək verib-verməyəcəyini dəquqləşdirməyib. Elə bu səbəbdən də ETSN-nin həyata keçirdiyi özbaşına evcik-evcik oyunu ciddi etirazla qarşılanıb.
Əslində ETSN-ə edilən etirazlar haqlıdır. Jurnalistlər Binasındakı mənzil sayı barədə əldə etdiyimiz məlumatdan bəlli oldu ki, şəhərcikdə 400 - ə yaxın ailə yaşayır və nazirliyin 400-ə yaxın ailənin mövqeyini öyrənmədən müstəqil qərar verməsi açıq desək özbaşınalıq, vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır.
Ona görə də ETSN vətəndaşlar arasında narazılıq yaratmaq əvəzinə, öz işi, fəaliyyəti ilə məşğul olsa, həm dövlətə, həm də cəmiyyətə daha çox fayda vermiş olar. Onsuz da digər qurumlar kimi ETSN də vətəndaşları boş - boş, mənasız cərimə etməklə onu dövlətdən narazı salır. Artıq vəziyyət o həddə çatıb ki, ETSN-nin qorxusundan hansısa ucqar kənddə mövcud olan gölməçədən, kanaldan kənd sakini qarmağını atıb balıq tuta bilmir. Dərhal nazirlik əməkdaşları kəndçinin başının üstünü kəsdirib onu külli miqdarda cərimə edirlər. Baxmırlar ki, onun tutduğu balıq 1 ədəddir, yaxud yüzlərlə.
P.S.Bu arada yaxşı olar ki, ETSN yaşıllıqların məhv olmaması, istər paytaxt, istərsə də bölgələrdə ağacların baxımsızlıq ucbatından qurumasının qeydinə qalsın. Əksinə, boş və mənasız ideya oğurluğu ilə məşğul olub evcik-evcik oynamasın. Yeri gəlmişkən nazirlikdən soruşmaq istərdik ki, bu günlərdə Gəncə şəhərində "əkilən", qısa müddət sonra "biçilən" vedrəli ağacların aqibəti necə oldu?
Mehman