Newscenter.az.4.02.2022. Dəbdəbəli ofisində başının üzərinə Əliyevlərin portretini asıb, pencəyinin yaxasına da qızıldan nişanlarını taxan, hər yerdə özünü “hakimiyyətin alovlu müdafiəçisi” kimi təqdim edərək, qondarma “İctimai Nəzarət Koalisiyası” adı altında vətəndaşları aldatma və şantaj yoluyla pullarını və əmlaklarını ələ keçirən QHT rəhbəri Rasim Məmmədovu Azərbaycan Polisinin xüsusi əməliyyatla və nümayişkaranə şəkildə həbs etməsi təqdirəlayiq addımdır, yüksək səviyyədə himayəyə malik bu tip dələduzlara qarşı da ciddi xəbərdarlıq siqnalı saymaq gərəkdir!
Ancaq çox təəssüf ki, QHT, media, partiya çətiri altında gizlənərək öz cinayətkar maraqlarını həyata keçirən belə fırıldaqçı, nanəcib və nadürüst adamlara qarşı Polisin fəaliyyətini təqdir və belə əməliyyatları təşviq etmək əvəzinə, yenə də məsələdən xəbərsiz bəzi ictimai fəallar və hər hadisədən hakimiyyətin əleyinə yararlanmağa çalışanlar sui-istifadə etməyə başlayıblar. Guya, Rasim Məmmədovu saxlayanda kobudluğa yol verilib, o, terrorçu deyilmiş, onu belə tutmamalıymışlar və s.
Haqqı nahaqqa vermək buna deyirlər! İndiyədək hər kəs şikayətlənirdi ki, niyə bu dələduzu tutmurlar?! Tutandan sonra da başlayıblar ki, niyə bu cür tutublar?!
Məlumatınız olsun ki, hakimiyyətin ən yüksək çevrələri tərəfindən himayə olunduğu görüntüsü yaratmaqla, hansısa ictimai statuslu şəxs kimi ölkənin ictimai-siyasi-mədəni sektoruna pərçim edilmiş və ya qəsdən sızdırılmış, efir bəzəyi olan belə dələduzlar cəmiyyət üçün terrorçulardan da təhlükəlidirlər.
Əgər terrorla cəmiyyətdə qorxu və vahimə yaradılırsa, belə dəluduzların fəaliyyəti nəticəsində bütövlükdə dövlət qurumlarına və ictimai təsisatlara əhalinin inamı, etibarı sarsıdılır, vətəndaş dövlətindən incik salınır, kütləvi etimadsızlıq mühiti formalaşdırılır ki, dövlət üçün ən təhlükəlisi də elə budur!
Elə cəmiyyətimizin Polisdən gözlədiyi də daha çox bu cür fəaliyyətdir - kimliyinə, kimin qohumu və ya himayəsində olmasına baxmadan, cinayət törədəni, qanunu pozanı cəzalandırmaq!
Cinayətkara güzəşt olmaz, dostlar! Bir cinayətə güzəşt başqa cinayətə yol açmaq deməkdir!
Elxan Şükürlü