Newscenter.az.4.02.2022. Prezident İlham Əliyevin fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxışında çox vacib məqamlara toxundu. O xüsusi qeyd etdi ki, yeni nəslin vətənpərvərlik, dövlətə sədaqət ruhunda yetişməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin ictimai və siyasi həyatında mühüm rol oynayırlar.
Prezident onu da qeyd etdi ki, indiki gənclər üçün imkanlar daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxır, ölkə qarşısındakı əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycan gəncləri azad, sabit, özünə güvənən ölkədə yaşayırlar. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Gənclər gələcəklərini düzgün müəyyən etmək, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.
Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycanın dövlət siyasətində milli-mənəvi dəyərlərin qorunması əsas yerlərdən birini tutur. Müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Gənclər tarixi məsuliyyətlərini dərk edərək bu dəyərləri qorumalıdırlar.
Prezident İlham Əliyev çıxışında gənclərə Vətənə bağlılığın, sevginin, dövlət maraqlarının hər şeydən üstün olduğunu bir daha vurğuladı. Bu gün Azərbaycan müstəqildir və müstəqil siyasət aparır. Heç bir kənar qüvvə ölkənin daxili işinə qarışa bilməz. Bu gün Azərbaycan cəmiyyəti və Azərbaycan iqtidarı birmənalı olaraq milli maraqların keşiyində dayanır. Zəngin təbii resurslarla özünü təmin etmiş ölkələr və çox strateji coğrafi yerləşməyə malik olan ölkələr hegemonluq uğrunda mübarizə aparan ölkələrin xüsusi diqqətini cəlb edir. Bu gün bir sıra xarici qüvvələr gəncləri əyri yola çəkmək, yaxud da yoldan çıxarmaq üçün səylə çalışır. Ona görə fondlar yaradır, ianələr verir, müxtəlif proqramlar altında dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətin, öz əcdadlarına, öz tarixinə, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan öz məqsədləri üçün istifadə etsinlər.
Ancaq Vətən müharibəsi bu səylərin nəticə vermədiyini bir daha göstərdi. Gənclər Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdilər. Müharibə zamanı gənclərin rolu həlledici oldu. Vətən, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər, şəhid, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Heç şübhəsiz ki, vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Hər bir gənc Vətəni ilə fəxr etməlidir. Bu gün Azərbaycan gəncliyinin nümunəsində bunu aydın görürük. İnanırıq ki, bu hər zaman belə olacaq.
Prezident Vətən müharibəsi dövründə Azərbaycan gənclərinin sosial şəbəkələrdəki aktivliyinə də xüsusi toxundu. Həmin dövrdə gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və informasiya müharibəsində də Azərbaycan qalib gəldi.
Bu gün Azərbaycan gənci öz prezidentinə, Azərbaycan prezidenti də öz gəncinə tam güvənir.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı