Newscenter.az.4.02.2022. "Ən çətin dövrlərdə bir-birinə əsl qardaş dəstəyi nümayiş etdirən, qədim və sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı dünyaya əsl nümunədir. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığı haqqında "bir millət, iki dövlət" kəlamı, eyni zamanda Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" kəlamı iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm, sarsılmaz və dərin köklərə malik olmasının təcəssümdür".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib
Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, dostluq əlaqələri ölkə başçısı Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ən yüksək səviyyədə və artan dinamika ilə inkşaf etməkdədir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”-ni imzalaması ölkələrimiz arasındakı inkşafın zirvəsi hesab oluna bilər:
“Şuşa Bəyannaməsinin 1921-ci il tarixli Qars müqaviləsindən düz 100 il sonra Şuşa şəhərində imzalanması dünyaya verilmiş mesajla yanaşı tarixi Qars müqaviləsinin davamı və müqaviləyə sadiqliyin təsdiqidir”.
Şuşa Bəyannaməsi Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddialarının və tarixi təhrif etmək cəhdlərinin üstündən xətt çəkdi – deyən Sədaqət Vəliyeva əlavə edib ki, eyni zamanda Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan dövlətləri bir-birlərinin yanında olduğunu, ölkələrin təhlükəsizliyinə, suverenliyinə təhdid olacağı təqdirdə birgə hərəkət edəcəklərini dünyaya bəyan etmiş oldular:
“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi, iqtisadi müttəfiqliyin inkşafı, həmrəyliyimizin və ölkələrimizin mövqeyinin dünya miqyasında daha da güclənməsi ilə yanaşı regionda təhlükəsizliyin təmin olunması baxımında mühüm əhəmiyyət kəsb edən sənəddir”.
Ruhiyyə