Newscenter.az.5.02.2022. Fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu bir sıra aktual məsələlərə toxunması ilə yadda qaldı. Forumda çıxış edən Prezident İlham Əliyev gənclərə mühüm tövsiyələr və məsləhətlər verdi.
Bu gün cəmiyyətimizin bütün sahələrində aparıcı qüvvə olan gənclər ölkəmizin həyatında çox önəmli rol oynayırlar. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.
Qürurla deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və müasirləşdirdiyi gənclər siyasəti nəticəsində ötən illər ərzində ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar yaradılıb və onlar bu imkanlardan istifadə etməlidirlər. Bu gün Azərbaycan inamla irəliyə baxan bir ölkədir. Ölkəmizin qarşısında dayanan əsas vəzifələr öz həllini tapıb. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən müstəqil ölkədə yaşayır. Gənclərimiz haqlı olaraq bu ölkənin vətəndaşları olmaları ilə fəxr edirlər.
Bu gün müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız müstəqil xalq kimi yaşayacaq. Bu çox mühüm amildir ki, Azərbaycan müstəqil olkə olmayanda da öz milli xüsusiyyətlərini itirmədi, onları qorudu, saxladı, bugünlərə qədər yaşatdı və bundan sonra da yaşadacaq.
Vətənə bağlılıq, Vətənə sevgi, Vətənin maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Biz Vətən müharibəsində gənclərimizin bu müqəddəs borcu yüksək səviyyədə yerinə yetirməsinin bir daha şahidi olduq. Çünki Vətən müharibəsində gənclərimizin rolu həlledici oldu. Azərbaycan xalqı Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimizin qürur mənbəyidir. Çünki ötən illər ərzində elə bir yüksək mənəviyyata malik gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi yaşamayan gənclər də Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqətimizi qorumaq uğrunda ölümə getdilər, şəhid oldular, qazi oldular, xalqımızın başını uca etdilər və müzəffər Ordumuzun qüdrətini bütün dünyaya göstərdilər. Əgər gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, müharibənin nəticələri də qeyri-müəyyən olardı. Onları irəli aparan məhz milli ruh, milli ləyaqət, milli qeyrət və vətənpərvərlik idi.
Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə də çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da könüllü şəkildə qoşuldular. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında da üstünlük əldə etdi.
44 günlük Vətən müharibəsində Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda burada yaşayan bütün millətlər vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi.
Bu gün hər bir vətəndaşımız, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Çünki müstəqilliyinin 31-ci ilini yaşayan ölkə kimi bu gün biz elə ölkə yaratmışıq ki, onunla hər bir vətəndaş fəxr edə bilər. Ona görə ki, istənilən sahəyə nəzər salanda, doğrudan da böyük tarixi nailiyyətlərin şahidi oluruq.
İşğaldan azad edilmiş bütün şəhərlərimiz dirçəldikcə oradakı iş yerlərində, ilk növbədə, müasir biliklərə malik olan gənclər, azad edilmiş rayonlardan olan gənclər işləyəcəklər. Azad edilmiş torpaqlarda cari ildə 5 su elektrik stansiyası inşa ediləcək. Artıq bu il keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmağa başlayacaqlar və Ağalı kəndi bu istəklərimizin təcəssümüdür.
Bu gün Azərbaycan Hökuməti islahatlara meyillilik indeksinə görə birinci onluqdadır. Biz Dördüncü Sənaye İnqilabı nəticəsində yarana biləcək yeni peşələrə hazır olmalıyıq. Dördüncü Sənaye İnqilabının mərkəzinin Azərbaycanda yaradılması, eyni zamanda, geniş informasiya məkanına çıxış əldə etmək deməkdir. Dünya dəyişir və 25 il bundan əvvəlki ilə böyük fərq təşkil edir. Ənənəvi peşələrin bir neçəsi, bəlkə də bir çoxu bir neçə ildən sonra olmayacaq, yəni, bu peşələrə ehtiyac qalmayacaq. Azərbaycan gəncliyi buna hazır olmalıdır.
İnanırıq ki, güclü Azərbaycan gəncliyi bundan sonra da öz uğurları ilə hamımızı sevindirəcək və ölkəmizin parlaq gələcəyinə öz dəyərli töhfələrini verəcəkdir.
Jalə Əhmədova-Milli Məclisin deputatı