Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makronun məqsədi nədir?

Makronun məqsədi nədir?


Newscenter.az.5.02.2022. Fevralın 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirilib.

Görüş zamanı əvvəlcə Prezident Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulanıb.

Sonra Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Makronun məqsədi nədir?


Hesab edirəm bu görüşün təşəbbüskarı məhz Fransa Respublikasının Prezidenti Emmanuel Makrondur. Makronun belə bir görüş keçirməkdə iki marağı var:

Birincisi, belə bir görüşün keçirilməsi hər şeydən öncə Makrona aprel ayında baş tutacaq Fransa prezident seçkiləri üçün vacibdir. Makron yenidən namizədliyini irəli sürəcəksə qələbə qazanmaq üçün xarici siyasətdə fəallığını artırmalıdır. Fransa hazırda onsuz da bir çox məsələyə dair xarici siyasətdə aktivləşib. Misal üçün Afrikada Ukrayna ətrafında baş verən son hadisələrdə bu daha çox hiss olunur. Rəsmi Paris son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair də konstruktiv addımlar atır. Xüsusilə son görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılması Makronun seçki öncəsi imicinə müsbət təsir edəcək.

İkincisi, məlum olduğu kimi bu il Avropa İttifaqına sədrlik Fransaya keçib. Rəsmi Paris Böyük Britaniyanın "Brexit" qərarından və Almaniyanın keçmiş kansleri Angela Merkelin vəzifəsindən getməsi sonra Avropa İttifaqında lider funksiyasını yerinə yetirmək istəyir. Təsadüfi deyil ki, fevralın 4-də keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə yanaşı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak etdi. Makron bu addımı ilə həm ölkəsinin Avropa İttifaqında lider ölkə olduğunu, həm də hazırda sədrlik etdiyi qurumun aktivliyini göstərməyə çalışır.

Fransanın prosesə qayıtması Minsk Qrupu formatının dirilməsi ilə nəticələnə bilərmi?

Aydın məsələdir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Bu mənada Fransanın prosesə qayıtması həm də Minsk Qrupu formatının yenidən dirilməsi ilə nəticələnə biləcəyi ehtimallarını yaradır. Lakin düşünmürəm ki, rəsmi Parisin indiki mərhələdə məqsədi ATƏT-in Minsk Qrupunun aktivliyini artırmaqdadır. Fransa bu tədbirə həmsədr ölkədən çox Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Məsələ ondadır ki, Şarl Mişel və Emmanuel Makronun birgə görüşü sonrası açıqladığı bəyanatda Minsk Qrupuna istinad edilməyib. Ümumiyyətlə bundan öncəki Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq MQ istinad yer almayıb.

Sonda isə onu deyə bilərəm ki, sonrakı sənəddə Dağlıq Qarabağ münaqişəsi, hətta Qarabağ kimi ifadə yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsidir.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş