Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır



Newscenter.az.6.02.2022. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında bir daha səsləndirilib. Toplantıda Avropa İttifaqının komissarlarının, həmçinin ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.

S.Fətəliyevanın sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.

Deputat bildirib ki, burada əsas məqam Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” idxal etmək imkanlarının geniş olmasından ibarətdir. “Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıq və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra ölkəmiz Avropa bazarlarına ixracı artıra bilib. Artıq Türkiyəyə, İtaliya, Gürcüstana, Yunanıstana və Bolqarıstana qaz ixrac olunub. Yaxın zamanlarda bu siyahıya Albaniya da qoşulacaq. Builki tədbirin iştirakçılarının sayı ötən illərlə müqayisədə daha çox oldu. Avropa ölkələri ilə yanaşı, bir sıra şirkətlərin nümayəndələri də iştirakçılar arasında idi”, - deyə S.Fətəliyeva qeyd edib.

Onun fikrincə, yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır.

S.Fətəliyeva qeyd edib ki, toplantıda Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Avropa İttifaqı ölkələrinin qaz təchizatı üçün Cənubi Qaz Dəhlizi layihəsindən istifadəni dəstəkləyib. Bu fakt yaxın gələcəkdə Azərbaycanın enerji bazarındakı tərəfdaşlarının sayının artacağını deməyə əsas verir. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi dividendlər də gətirir.

“Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir”, - deyə deputat bildirib.
Xəbəri paylaş