Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cahangir Hüseynov: "Rusiya ilə Ukrayna arasında müharibənin olacağı təhlükəsi də yoxdur"



Newscenter.az.7.02.2022. “Rusiya ilə Ukrayna arasında çox acınacaqlı bir vəziyyət yaranıb. Hazırda Rusiya çalışır ki, dünyada öz statusunu qoruyub saxlaya bilsin”.

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov Rusiya-Ukrayna gərginliyinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, bu gün də Rusiya öz hegemonluğundan əl çəkmək istəmir:

“İstər Zelenski, istərsə də ondan əvvəlki prezident olan Poroşenko Ukrayna xalqının demokratik əsaslarla seçdiyi dövlət başçıları idi. Ancaq Rusiya bunu qəbul etmək istəmir. Keçmiş prezident Viktor Yanukoviç Rusiyanın adamı, dostu idi. Daha dəqiq desək Putinin”. Tarixə nəzər salan Cahangir Hüseynov deyir ki, Nikita Xuruşovun dövründə, 60-cı illərdə Krım yarımadası Ukraynaya birləşdirildi: “İndi bunun üzərindən 60-70 il keçəndən sonra Rusiya deyir ki, Krım mənimdir. Putin tələb edir ki, Krım Rusiyaya qaytarılmalıdır. Belə getsə onlar Alyaskanı da qaytarmaq fikrinə düşəcəklər”.

Sabiq millət vəkili deyib ki, dünyanın altıda bir hissəsi Rusiyanın payına düşür və əhalisinin sayı da təxminən 150 milyon nəfərdir:

“Bu qədər böyük bir ərazini Rusiya nə üçün öz hegemonluğunda saxlamaq istəyir? Yəqin düşünür ki, ərazisi nə qədər böyük olsa, dünya bundan bir o qədər qorxacaq. Çünki atom silahı, böyük ordusu var. Ancaq bu heç də belə deyil. Rusiya hazırda çox acınacaqlı bir durumdadır”.

Cahangir Hüseynov deyib ki, Rusiya ordusu, silahlarının güclü olması barədə deyilənlər də olduğu qədər deyil. Sabiq millət vəkilinin sözlərinə görə, şimal qonşumuzun Ermənistana verdiyi silahların fonunda bunu aydın görmək mümkündür:

“Onun heç bir texnikası müasir texnologiya ilə uyğun deyil. O ki qaldı atom silahına, bu gün həmin silahdan heç kimin istifadə emək hüququ yoxdur. Ona görə də hesab edirəm ki, Rusiya heç vaxt Ukraynaya hərbi müdaxilə edə bilməz. Sadəcə Rusiyanın istəyi ondan ibarətdir ki, Ukraynanın şərqini öz təsiri altına salsın. Bunun da səbəbi var. Ukrayna böyük bir ölkədir və 50 milyona yaxın əhalisi var. Ərazisi də həmçinin kiçik deyil. Bu ölkənin qərb hissəsi, Lvov deyilən ərazi İkinci Dünya müharibəsindən əvvəl Ukraynaya birləşdirildi. Onlar hələ sovetlərin vaxtında həmin rejimi qəbul etmirdilər. Bu gün də eyni fikirdədirlər. Hazırda Qərbu Ukrayna demək olar ki, Kiyev də daxil olmaqla Ukraynanın 70 faizini əhatə edir. Ancaq Ukraynanın şərqi, Donbas, Luqanskda isə demək olar ki, rusmeyilli, Rusiya siyasətinə yaxın olan insanlar çoxluq təşkil edir. Rusiya da bundan istifadə edərək 5 ilə yaxındır ki, həmin əraziləri zəbt edib”.

Vəziyyətdən çıxış yoluna gəldikdə isə, sabiq millət vəkili hesab edir ki, Ukraynaya dəstək məqsədilə Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nə Vladimir Putin, nə də digər Rusiya rəsmilərinə təsir edir: “Ancaq bu sanksiyalar Rusiya xalqına çox böyük itkilər verir. Rusiyada yaşayan, işləyən 1 milyona yaxın azərbaycanlıya da bütün bunlar təsirsiz ötüşmür”. Sabiq millət vəkili hesab edir ki, Rusiya Suriyada olduğu kimi Ukraynada da öz mövqeyini, hegemonluğunu qoruyub saxlamaq istəyir:

“Ancaq hesab edirəm ki, Rusiyanın bu hegemonluq siyasəti çox getməyəcək və Putinin də siyasətinin sonu gələcək. Düzdür, bu nə qədər tez gəlsə, dünya da bir o qədər tez düzələr”.

Cahangir Hüseynov onu da qeyd edib ki, Moskva ilə Kiyev arasındakı gərginlik Ukraynada yaşayan 500 minə yaxın azərbaycanlını da ciddi şəkildə narahat edir:

“Ona görə də hesab edirəm ki, bu gün Rusiya ilə Ukraynanı belə bir qarşıdurma səviyyəsinə gətirmək çox acınacaqlıdır. Ancaq bütün halda düşünürəm ki, burada böyük bir müharibənin olacağı təhlükəsi də yoxdur. Yəqin ki, tezliklə tərəflər ümumi razılıq əldə edəcək və mövcud problemə son qoyulacaq”.

NEWSCENTER.AZ


Xəbəri paylaş