Newscenter.az.7.02.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Newscenter.az-a AQTA-dan bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mir Cəlal Paşayev küçəsində fəaliyyət göstərən, vəzifəli şəxs Məsləhi Orxan Həsənağa oğlunun istifadəsində olan “Əminə” marketdə keçirilən planlı yoxlama zamanı mənşəyi məlum olmayan “nehrə yağı”, pendir və turşu məhsullarının satışa çıxarıldığı aşkar olunub. Baxış zamanı marketin anbarında sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Sevinc