Newscenter.az.7.02.2022. Artıq bir neçə gündür ki, ölkə gündəmini mənim düşüncəmə görə xalqımıza və dövlətimizə heç bir xeyri olmayan, əksinə kifayət qədər zərəri olan bir mövzu zəbt etməkdədir. Xalqımızın səslərinin toplaşdığı Parlamentimizin deputatı Cavanşir Feyziyevlə, müasir dövrdə cəmiyyətimizin qələm sahibləri olan bir qrup şəxs arasında qarşılıqlı linçləmə prosesi durmadan davam edir. Bəs kimdir əsil günahkar?!
Məlum olduğu kimi bu xoşagəlməz proses İngiltərə Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus bank hesablarında olan vəsaitə həbsin qoyulması ilə bağlı informasiyanın yayılmasından sonra başladı. Təbii ki, bu məlumatın özü dövlətimizin adına xoşagəlməz bir haldır. Ancaq hər bir halda hüquqi prosedurlar hələ ki, davam edir və məsələdə adı hallanan deputatın iddiasına görə həbsin qoyulması qanunsuzdur və haqlı olduqlarını isbat edəcək sübutları təqdim etdikdən sonra yenidən məhkəmə prosesi davam edəcək.
Hazırda aktual olan məsələ həmin prosesin mahiyyətindən daha çox, o proseslə bağlı Azərbaycan cəmiyyətində bomba effekti doğuran neqativ hadisələrdir.
Peşələri və fəaliyyətləri Azərbaycan cəmiyyətini informasiya ilə təmin etmək olan qələm sahibləri və onlardan bəzilərinin isə rəhbərlik etdikləri informasiya platformaları normal olaraq bu məlumatı yayımlasalar da, bir çoxları bu məsələdə sərt ittihamedici mövqedən çıxış etdilər. Məhkəmə prosesinin nəticəsini və ən azından adı hallanan şəxslərin mövqeyini öyrənmədən ittihamedici mövqedən çıxış etmək səbirsiz atılmış bir addım oldu. Təbii, bu mövqe sahibləri ittihamlarını bu olayın mahiyyətindən asılı olmayaraq külli miqdarda pulun ölkədən çıxarılması və deputatın qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olması hissəsində artıq təsdiqini tapması ilə əlaqələndirdilər. Qarşı tərəf də, özünü haqlı çıxaracaq arqumentlər gətirməyə çalışdı. Ancaq nəticədə məsələnin mahiyyəti və reallığı kənarda qalsa da, qarşılıqlı təhdid, təhqir və ciddi ittihamlar bir-birinə qarışdı.
Deputat Cavanşir Feyziyev özünün də qarşı tərəfə irad tutduğu hala yol verərək, əlində hansısa fakt və əsas olmadan cəmiyyətdə kifayət qədər nüfuzu və çəkisi olan media mənsublarını təhqir etdi. Əslində, özünün də dediyi kimi kifayət qədər maliyyə resurslarına sahib olacaq uğurlu biznesi qurmaq qabiliyyətinə, daha sonra 3 dəfə ölkənin qanunvericilik orqanında təmsil olunmaq nüfuzuna və cəmiyyətdə kifayət qədər siyasi çəki qazanmaq bacarığına malik məntiq sahibi bu addımı atmamalı idi. Ən azından gəlirini və çıxarını düzgün hesablamağı bacaran bir uğurlu iş adamı, kifayət qədər oxucu kütləsi olan və uzun illər ərzində göstərdikləri fəaliyyətə görə cəmiyyətdə böyük nüfuza və kəsərli sözə sahib bu qədər şəxsi qarşısına almazdı. Ancaq çox təəssüflər olsun ki, sonradan buna peşimanlığını bildirsə də aldı və zəhərli ox yayından çıxdığı kimi, o təhlükəli sözlər də artıq deyildi.
Amma, yenə də, hesab edirəm ki, hələ gec deyil və nə qədər çox işlənmiş ifadə olsa da, “ziyanın yarısından da qayıtmaq yaxşıdır” fikri burada da yerinə düşür. Bu məsələdə hər birimizin adına ümumilikdə Azərbaycan heç nə qazanmır, əksinə çox şey itirir. İlk öncə qeyd edim ki, bu proses Avropa ölkələrinin ən rahat qazanc yollarından biridir. Sağlam biznes mühitinin və şəffaf investisiya fonunun yaradılması adı altında külli miqdarda pulların Avropaya cəlb edilməsi və daha sonra da mənbələrini şübhə altına almaqla onların müsadirəsi. Xüsusilə də bu taktika şərq dövlətlərinə münasibətdə çox geniş miqyasda tətbiq edilməkdədir. Əgər hətta bu mövqelərində səmimi olsalar belə, tam ədalətin bərpası üçün prosesin sonunda həmin pullar qanunsuz çıxarıldığı ölkələrə qaytarılmalı olsa da, bu edilmir və ya ən yaxşı halda simvolik bir məbləğlər qaytarılır.
Azərbaycana münasibətdə isə, bu mövzu hazırki həssas dönəmdə çox aktualdır. Əvvəlki yazılarımda və çıxışlarımda da qeyd etdiyim kimi, ikinci Qarabağ müharibəsindəki qələbəmizi və regionda formalaşdırıdığımız yeni reallıqları qəbul etmək istəməyən quvvələr bu cür addımları daha da genişləndirəcəklər. Postmünaqişə dövründə baş verən proseslərlə bağlı ermənipərəst mövqe nümayiş etdirənlərin Azərbaycana hər vəchlə təsir göstərmək üçün istənilən iyrənc üsula əl atacaqları hər birimizə bəllidir. Məhz bu məqsədlə həm ölkəmizin beynəlxalq imicinə xələl gətirəcək və həm də ölkə daxilində ciddi qarşıdurmalar yaradacaq bu cür xoşagəlməz hallara hazır olmalıyıq.
Hazırda separatçıların Qarabağda çoxsaylı qanunsuzluqlara yol verdikləri və bütün fəaliyyət prinsiplərini azərbaycanafobiya və türkafobiya üzərində quran daşnakların İrəvanda toplaşaraq bizə qarşı çağırışlar etdikləri bir məqamda biz də özümüzü ittiham və linç edirik. Nə zaman biz imkan tapıb özümüz-özümüzə qarşı bu qədər nifrəti və kini içimizdə yetişdirə, aramızda bu boyda uçurumu yarada bildik?! Necə oldu ki, bir sözü ilə nəsillər arasında böyük qan sellərini durduran ağsaqqllarımızın olduğu cəmiyyətimizi, hazırda bu kimi xoşagəlməz hallara dur deməli olan ziyalılarsız bir duruma gətirdik?! Bir-birimizə qarşı etdiklərimiz nə insanlıqda, nə azərbaycançılıqda, nə də islamda xoş qarşılanmır! Daşıyıcısı olduğumuz islam dinində ən ağır günah sahiblərinin cəzalarından biri də, ölmüş qardaşının ətini didib yemək kimi ağır cəzadır. Diri ikən özümüz bir-birimizi bu ağır cəzaya məhkum etməyək cənablar! Hər bir halda bizə və Azərbaycanımıza zərər vuracaq bu cür mənfi və xoşagəlməz proseslərə enerjimizi sərf etməyi durduraq!
Son olaraq deyim ki, yenicə müharibədə möhtəşəm qələbə qazanmış ölkəmizin qələminin və səsinin toqquşmasından zərəri yalnız Azərbaycan, xeyiri isə onun düşmənləri əldə edəcək. Buna rəğmən qarşılıqlı güzəştə getməyib davam etmək və gələcək nəsillərimizin haqlı ittihamlarına tuş gəlməyi istəyirsinizsə seçim sizindir!
Xəyal Bəşirov-Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi