Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əlavə qaz mənbəyinə tələbat artmaqdadır



Newscenter.az.7.02.2022. 2022-ci il fevralın 4-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak edərək geniş məzmunlu çıxış etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib.

Toplantıda qeyd edilən kimi Azərbaycanın iqtisadi tərəqqisi üçün çox böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi enerji sahəsində çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Sonra Cənub Qaz Dəhlisi layihəsi reallığa çevrilib. Hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları ötən bir ildə enerji sektorunda əldə olunan uğurların təqdimatı olmuşdur. Prezident İlham Əliyev toplantıdakı nitqində qeyd edib ki, artıq Cənub Qaz Dəhlizi uğurla tamamlanıb. 2020-ci il dekabrın 31-də layihənin son seqmenti olan TAP istifadəyə verilib. Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırıb.

Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində hər zaman maraqlıdır. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizini bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirir. Ötən illə müqayisədə daha çox sayda ölkələrin və şirkətlərin iştirakı, yeni iştirakçıların olması onu göstərir ki, yeni enerji bazarlarında Azərbaycan qazına ehtiyac vardır. Azərbaycan hər zaman beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Bağlanan müqavilələrə tam şəkildə riayət edilib. Ölkəmizin enerji siyasətinin əsasını qarşılıqlı, faydalı, əməkdaşlıq təşkil edir.

Gerçəkləşən hər bir layihənin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rolu var. bu da ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzunu artırır.

Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan gerçəkləşdirdiyi layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Azərbaycan bu layihələrlə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Dövlət başçısı İlham Əliyevin bu beynəlxalq toplantıda bildirdiyi kimi: birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir”.

Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasət nəticəsində qarşıdakı illərdə Azərbaycan daha böyük uğurlar qazanacaqdır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramlar hazırlanıb və həyata keçirilməsinə başlanılıb. Hazırda həmin işlər geniş şəkildə davam edir.


Elvin Əjdərli

Gənclər İnkişafı Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru
Xəbəri paylaş