Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülhməramlı missiyanın perspektivini şübhə altına alan addımların qarşısı alınmalı və günahkarlar cəzalandırılmalıdır!

Sülhməramlı missiyanın perspektivini şübhə altına alan addımların qarşısı alınmalı və günahkarlar cəzalandırılmalıdır!


Newscenter.az.7.02.2022. Son günlər Azərbaycanın Qarabağ bölgəsində - 10 noyabr 2020-ci il tarixli Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üştərəfli razılaşmaya əsasən Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına aid olan ərazilərdə erməni separatçı qüvvələri tərəfindən ard-arda təxribatların törədilməsi Azərbaycan ictimaiyyəti tərəfindən təəssüf və ciddi narahatlıq hissi ilə qarşılanıb.

Azərbaycan dövlətinə məxsus yük avtomobillərinin Rusiya sülhməramlıları ilə bərabər separatçı qüvvələrə aid yaraqlılar tərəfindən yoxlanılması, Ağdam rayonu ərazisində separatçılar tərəfindən texnikalardan istifadə olunmaqla müxtəlif məqsədli qazıntı işlərinin aparılması, sülhməramlılara aid hərbi texnika vasitəsindən bu prosesin müşahidə edilməməsi üçün istifadə olunması ilə bağlı video görüntülərin yayılması, qanunsuz erməni silahlı birləşmələrinə aid şəxslər tərəfindən Tərtər rayonu istiqamətində silahlardan istifadə olunması Rusiyanın bitərəf mövqeyinə və bölgədə sülhyaratma missiyasına kölgə salır.

Xatırlatmaq istəyirik ki, aqressora və separatçılara dəstək verilməsi beynəlxalq hüququn ümumqəbul edilmiş prinsiplərini aşkar şəkildə pozmaqdır.

Beynəlxalq hüququn tələbinə əsasən,

1. Dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə edilməməli;
2. Təcavüzkar əməllərə yol verilməməli;
3. Dövlətlərin daxili işinə qarışılmamalı;
4. İnsan hüquq və azadlıqları pozulmamalı;
5. Millətlərin bərabərliyi prinsipi qorunmalı;
6. Beynəlxalq hüquqdan irəli gələn öhdəliklər yerinə yetirilməlidir.

Göründüyü kimi, Rusiya sülhməramlı kontingenti beynəlxalq hüquqdan irəli gələn yuxarıda sadalanan prinsipləri kobud şəkildə pozaraq Azərbaycan ərazilərində separatizmə dəstək nümayiş etdirməkdədir.

Hesab edirik ki, bu davranışlar 10 noyabr məlum bəyanatın 4-cü bəndindən irəli gələn - sülhməramlı kontingent erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə paralel olaraq bölgəyə daxil olur, - tələbilə ziddiyyət təşkil etməklə təmsil olunduqları dövlətin liderinin imzasına hörmətsizlikdir.

Baş verən hallar eyni zamanda, sülhməramlı missiya ilə bağlı beynəlxalq konvensiyalara, BMT Nizamnaməsinin VI fəslinə, sülhməramlı əməliyyatların preventiv diplomatiya, etibar yaratma (confidence-building) missiyalarına da ziddir.

Təəssüflə qeyd etməliyik ki, baş verən hadisələrlə 44 günlük Vətən müharibəsi dövründə Rusiya dövlətinin sərgilədiyi obyektiv yanaşma, işğalçıya açıq şəkildə dəstəyin verilməməsi, döyüşlərin beynəlxalq hüquqla Azərbaycan əraziləri hesab edilən bölgədə getməsi, Qarabağın və ətraf rayonların Azərbaycan əraziləri olması haqda Rusiya liderinin bəyanatları fonunda xalqımızda Rusiya dövlətinə qarşı yenidən yaranmaqda olan inam hissinə ciddi zərbə vurulmaqdadır. Hesab edirik ki, erməni diaspor qüvvələrinin, erməni milyarderlərinin çirkli pullarının təsiri altında olan bəzi dairələr Azərbaycan və Rusiya arasında mövcud strateji mütəfiqlik münasibətlərinə xələl gətirmək məqsədilə düşünülmüş addımlar atır, sülhməramlı missiyanı sabotaj edir.

Dövlətimizin başçısı dəfələrlə müxtəlif platformalarda çıxışı zamanı Rusiyanın və onun liderinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, iki dövlət arasında sülhün bərqərar olması prosesində rolu, Qarabağ bölgəsində Rusiya sülhməramlılarının fəaliyyətinin müsbət nəticələri haqqında mövqeyini bildirib. Eyni zamanda, sülhməramlıların fəaliyyətində yol verilən nöqsanları xatırlatmaqla onların aradan qaldırılmasına çağırış edib.

Ümid edir və inanırıq ki, Rusiya rəsmi dairələri tərəfindən Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə xidmət edən, Rusiyanın Cənubi Qafqazda sülhün əldə olunmasında yüksək roluna kölgə salan, sülhməramlı missiyanın perspektivini şübhə altına alan addımların qarşısının alınması və günahkarların cəzalandırılması istiqamətində qətiyyətli addımlar atılacaq.

Anar Əliyev,
“Qafqaz: əməkdaşlıq və inteqrasiya” klubunun sədri, politoloq
Xəbəri paylaş