Newscenter.az.7.02.2022. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov Türkün qəhrəmanlıq simvoludur. O, şəhidlərimizin sərdarıdır. Xocalı qətliamı baş verəndə onun cəmi 4 yaşı var idi, televiziyada günahsız körpə və uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə işgəncələr verərək öldürən erməni cəlladlarının amansızlıqlarını görəndən sonra düşmənə nifrəti artmış, qisas almaq barədə düşünmüşdü. İşğal altında olan Vətən torpağını azad etmək amalı, intiqam hissi də böyüyürdü.
Onun üçün Vətən hər şeydən üstün, hər şeydən Uca idi. Ailəsinə yazdığı son məktubda erməni cəlladlarının başını əzmək üçün son nəfəsinə qədər döyüşəcəyini qeyd etmişdi: “Canım atam və anam. Məndən ötrü darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
2010-cu il gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz zərbə endirdi, onların çoxusunu məhv etdi. Sonra köməyə gələn düşməni öz silahlarından özünə qarşı istifadə edərək 5 saat təkbətək döyüşərək ağır itkilərə məruz qoyur, səhərə qədər davam edən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Mübariz ona qoyulan adı doğrultdu. Ömrünün bahar çağında 22 yaşında Şəhidliyə, Mübarizlik Zirvəsinə ucaldı.
O dövrdə Mübariz İbrahimov və Fərid Əhmədovun nəşini vermək istəməyən Ermənistan məkrli əməllərindən əl çəkmək istəməsə də, İlham Əliyevin uzun müddət davam edən gərgin əməyindən sonra hər iki şəhidimizin nəşini ölkəyə gətirmək mümkün oldu. Cənab Prezident Mübarizin və Fəridin vida mərasimində iştirak etdi, dərin ehtiramını bildirdi, onların valideynləri ilə görüşdü.
Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev Mübariz İbrahimovu Vətənin Qəhrəman adlandırmış, Onunla qürur duyduğunu xatırlatmışdır. Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Onun xatirəsi hər bir Türkün qəlbində əbədiləşibdir, doğulduğu Biləsuvar rayonunun orta məktəblərindən birinə adı verilibdir, Biləsuvardakı küçələrdən biri Mübarizin adını daşııyr.
Qardaş Türkiyədə Mübariz adı çox məşhurdur. Film və seriallarda Mübariz İbrahimovun adı sonsuz hörmət və məhəbbətlə yada salınır, Onun haqqında kitablar nəşr edilir. Prezident Rəcəb Tayyib Ərdoğan Mübariz İbrahimovu bütün Türk dünyasının qəhrəmanlıq örnəyi hesab etdiyini bildirib, Şəhidlərin Sərdarı adlandırıb.
Mübariz İbrahimovun qəhrəmanlığından, yenilməzliyindən bütün dünya danışmaqdadır. Rusiya prezidenti Vladimir Putinin Onunla bağlı heyrətini gizlədə bilməyibdir: “Azərbaycanda yeni Rembo peyda olub. Bir gecə silahlanıb təkbaşına erməni ordusuna qarşı hücuma keçərək 135 nəfər erməni əsgər və zabitini qanına qəltan edib. Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük. Rembo kinoda 200 nəfərdən çox adam öldürəndə, deyirsən ki, bu fantastikadır. Axı, necə ola bilər ki, bir nəfər silahlı 200 nəfər silahlıya atəş açır, 200 nəfərin atdığı atəş isə bu bir nəfərə dəymir, həmin bir nəfər isə sərrast atəşlə hamısını yerə sərir. Bu heç cür ağılabatan deyil. Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var”.
Müzəffər Ordumuz 44 günlük Vətən savaşında Mübarizin şəhid olduğu yüksəklikdəki postumuza üçrəngli bayrağımızı ucaltdı. Mübarizin ayaq izləri qalan, qanı hopan bu müqəddəs torpaq erməni murdarlarından təmizləndi, paklaşdı, Mübarizin qisası alındı, ruhu şad oldu. Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!
Mübarizin və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor