Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfər Mehdiyev: “Bu il “Xanoba” gömrük postu üzrə tikinti-quraşdırma işləri tamamlanacaq”



Newscenter.az.8.02.2022. "Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu üzrə tikinti-quraşdırma işlərinin tamamlanması 2022-ci ildə nəzərdə tutulur".

Bunu “Report”a müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.

DGK sədri vurğulayıb ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin əksər hissəsinin “Samur”-“Yaraq-Qazmalar” gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi bu məntəqələrdə son illər ərzində sıxlığın və növbələrin yaranmasına səbəb olub.

Onun sözlərinə görə, bununla əlaqədar, iki ölkə sərhədində günün 09:00-18:00 saat intervalında fəaliyyət göstərən “Şirvanlı” (Azərbaycan Respublikası) - “Novo Filya” (Rusiya Federasiyası) gömrük postlarından gün ərzində 50-yə yaxın boş yük nəqliyyat vasitəsinin keçidinin təmin edilməsi ilə bağlı Azərbaycan tərəfdə tələb olunan zəruri işlər həyata keçirilib: “Rusiya tərəfi ilə razılaşdırılmaqla 8 oktyabr 2021-ci il tarixdən boş yük nəqliyyat vasitələrinin idxal istiqamətində, noyabrın 2-dən isə hər iki istiqamətdə buraxılışına başlanılıb”.

Komitə sədri bildirib ki, əlavə olaraq “Şirvanlı” gömrük-sərhəd buraxılış məntəqəsi vasitəsilə gün ərzində hər iki istiqamət üzrə 50-dən daha artıq boş yük nəqliyyat vasitəsinin buraxılışını təmin etmək üçün bütün imkanlar mövcud olduğundan, “Şirvanlı” - “Novo Filya” gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etməklə, gündəlik olaraq hər iki istiqamət üzrə buraxılışı təmin edilən boş yük nəqliyyat vasitələrinin sayının 150-yə qədər artırılması məsələsinin Rusiya tərəfi ilə razılaşdırılması üçün işlər davam etdirilir.

O qeyd edib ki, Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunun buraxılış yükünün azaldılaraq bu istiqamətdə fəaliyyət göstərən digər gömrük-sərhəd buraxılış məntəqələri arasında bölüşdürülməsi, o cümlədən turizm, ticarət və digər məqsədlər üçün Rusiya Federasiyası istiqamətində səyahət edən şəxslərin alternativ dəhlizlərlə gömrük-sərhəd buraxılış məntəqələrindən keçidinin daha rahat və keyfiyyətli xidmət göstərməklə təmin etmək üçün iki ölkə sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidən inşa edilməsinə qərar verilib: “Bu məqsədlə, Azərbaycan Prezidentinin 27 aprel 2020-ci il tarixli sərəncamı ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ərazisində yeni gömrük postunun tikintisinə başlanılıb və aparılan tikinti işləri sürətləndirilib. Bu il gömrük-sərhəd buraxılış məntəqəsinin fəaliyyətə başlaması nəzərdə tutulub ki, bu da öz növbəsində “Samur” gömrük-sərhəd buraxılış məntəqəsinin yüklülüyünü daha da azaldaraq, Rusiya istiqamətində əlavə yük nəqliyyat vasitələrinin hərəkətinə şərait yaratmaqla yanaşı, yük nəqliyyat vasitələrinin keçidində yaranan sıxlığı və növbələri aradan qaldıracaq”.
Xəbəri paylaş