Newscenter.az.10.02.2022. Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Niku Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri İnam Kərimov iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Qeyd edib ki, Moldova Azərbaycanla tərəfdaş və dost ölkədir. Ölkəmiz iki dövlət arasında bütün sahələrdə əməkdaşlığı gücləndirmək istiqamətində təşəbbüsləri dəstəkləyir. Nazir İnam Kərimov Azərbaycanda etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladaraq, moldovalı sahibkarları Azərbaycanda investisiya imkanlarını dəyərləndirməyə çağırıb.
Bildirilib ki, iki ölkənin regionları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini, ixrac potensialı yüksək olan məhsullar haqqında informasiya mübadiləsinin aparılması, birgə müəssisələrin yaradılması, Moldovanın Azərbaycanın həyata keçirdiyi nəqliyyat infrastrukturu layihələrinə inteqrasiya imkanlarının araşdırılması əməkdaşlığın əsas istiqamətləri ola bilər.
Səmimi qəbula görə təşəkkürünü bildirən Niku Popesku Moldovanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. İclasda iki ölkənin enerji məsələləri, mədəniyyət, təhsil və turizm sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub.
Tərəflər Azərbaycan və Moldovanın kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar. Bildirilib ki, kənd təsərrüfatı sahəsində müasir texnologiyaların transferi, elmi-tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.
Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın üçüncü iclasının 2012-ci ildə Kişinyovda keçirildiyi bildirilib, növbəti iclasın bu il Bakıda keçirilməsi barədə ilkin razılıq əldə olunub. İclas çərçivəsində Azərbaycan və Moldova iş adamlarının iştirakı ilə Biznes Forumun keçirilməsi təklifi də məqbul sayılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Sevinc