Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın geriyə addım atmağa yeri yoxdur



Newscenter.az.10.02.2022. Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı son bir il ərzində hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların 108 nəfərinin qalıqlarının Azərbaycan tərəfinə verilməsi ilə bağlı açıqlaması ilk növbədə Paşinyanın Ermənistanın sülhpərvər ölkə obrazını düzəltmək niyyətlərinə xidmət edir. Əlbəttə, 30 il öncəki reallıqları, Ermənistanın müharibə canilərinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamları, zorakılıqları bilməyən dünya ictimaiyyətinin məlumatsız kəsimi Paşinyanın bu hiyləgər fəndinə aldana bilər. Ancaq bütövlükdə isə dünya birliyi Ermənistanın baş nazirinin bu açıqlamasına başqa rakursdan da yanaşa, 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsində Ermənistanın həm mənəvi məsuliyyət daşıdığını bəyan edə bilər, həm də bunu rəsmi İrəvanın 30 illik aradan sonra cinayət məsuliyyətini etiraf etməsi kimi dəyərləndirə bilər.

Dünya birliyi Ermənistan rəhbərliyinə bu həssas mənəvi-siyasi məsələdən sülhpərvərlik piarı üçün yararlanmağa imkan verməməli, rəsmi İrəvanı ötən həftə keçirilən Avropa İttifaqı Şurası, Fransa və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə əsas müzakirə mövzularından biri olan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, bununla bağlı konkret koordinatların Azərbaycan tərəfinə verilməsi barədə öhdəliyini yerinə yetirməyə məcbur etməlidir. Azərbaycan həmin görüşdən sonra 8 erməni hərbçisini dərhal Ermənistana təhvil verdi. Bundan əvvəl isə rəsmi Bakı 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib.

Ancaq Azərbaycan tərəfi haqlı olaraq Ermənistan rəhbərliyinin də adekvat addım atmasını tələb edir. Biz itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayırıq və taleləri barədə hər hansı məlumat olmayan 4 minə yaxın azərbaycanlının tapılması, o cümlədən kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün Ermənistana təzyiqlərimizi davam etdirəcəyik. Terrorçu Ermənistan bu məsələni növbəti 30 il müddətinə ört-basdır edəcəyinə əsla ümid bəsləməməlidir. Ermənistan indi fakt qarşısında qalıb, Paşinyanın geriyə addım atmağa yeri yoxdur.

Avropa İttifaqı Şurası, Fransa və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə yekun olaraq qəbul edilən bəyanatda da analoji niyyət ifadə olunub və Ermənistan tərəfi öz üzərinə öhdəliklər götürüb. Ermənistan rəhbərliyi ənənəvi saxtakar üsullarla bu öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Biz Ermənistan rəhbərliyinin bütün hiylə və yayınma cəhdlərini puça çıxararaq, kütləvi məzarlıqların koordinatlarını və itkin düşmüş soydaşlarımız haqda məlumatları qarşı tərəfdən alacağıq. Bu dəfə ənənəvi erməni hiylələri işə keçməyəcək!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyası
Xəbəri paylaş