Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Münhenə niyə getməyəcək?



Newscenter.az.10.02.2022. Almaniyanın Münhen şəhərində fevralın 18-20 arasında ənənəvi təhlükəsizlik konfransı keçiriləcək. Konfransla bağlı ilk xəbər budur ki, 20 il ərzində ilk dəfə Rusiya rəsmi səviyyədə mötəbər tədbirdə təmsil olunmayacaq. Konfransın təşkilatçıları Rusiya prezidenti Vladimir Putini tədbirə rəsmən dəvət ediblər. Ancaq Putin Münhenə getməyəcək. Səbəblərdən biri budur ki, Qərb ölkələri koronavirusa qarşı Rusiya vaksinlərini tanımırlar, rusiyalı rəsmilər isə ancaq yerli iynə ilə vaksin olunublar. Ancaq bu üzdə olan səbəbdir. Vladimir Putin konfransda qərbli həmkarları qarşısında “Ukraynaya hərbi müdaxildən imtina edəcəksinizmi” sualına müsbət cavab verməyə hazır deyil. Misal üçün bu sualı konfransda iştirak edəcək ABŞ-ın vitse-prezidenti Kamalla Haris Putinə verə bilər. Konfransa müxtəlif ölkələrdən 600 nəfər qonaq təşrif buyuracaq. Halbuki pandemiyaya qədərki konfranslarda iştirak sayı iki minə çatırdı. Buna baxmayaraq, builki konfransda iştirakını təxminən 100 xarici işlər və müdafiə naziri təsdiq edib.

Əslində Vladimir Putin yüksək tribunalardan mesaj verməyi xoşlayan liderdir. Təsadüfi deyil ki, Kreml sahibinin 2007-ci ildə həmin Münhen təhlükəsizlik konfransındakı çıxışı üstündən 15 il keçdikdən sonra da analiz edilir. O zaman Qərb liderləri Putinin çıxışını doğru oxuya bilmədilər. Halbuki, Putin çıxışında ABŞ hegemonluğunu qəbul etməyəcəyini, Rusiyanın yaxın ətrafa şərtlərini diqtə edəcəyini vurğlumışdı. Putin dediyini etdi. Bu çıxışdan bir il sonra Gürcüstana hücum edildi, Abxaziya və Cənubi Osetiya nəzarət altına alındı, 6 il sonra Krım ilhaq olundu, Donbasda separatçı bölgə dormalaşdı, 15 il sonra isə beynəlxalq aləm Rusiyanın Ukraynaya mümkün müdaxiləsindən danışır.

Təhlüksəsizlik konfransının təşkilatçıları tədbirdə Rusiya təmsilçilərini görməyəcəkləri halda heç olmazsa Çinin iştirakına çalışırlar. Çinin xarici işlər naziri Van İni dəvətlilər arasındadır. Pekin Moskvadan fərqli olaraq hələ ki, konfransda iştirakla bağlı mövqeyini bildirməyib. Əgər Pekin Kremlin xarici və təhlükəsizlik siyasətini dəstəkləyirsə, çinli rəsmilərin konfransa iştirakları sual altında qalacaq. Ancaq əgər Pekin konfransa nümayəndə heyəti göndərərsə, Rusiya ilə strateji tərəfdaşlığına rəğmən, müsbət qərar vermək bacarığını nümayiş etdirəcək. Sadəcə, Çin rəsmiləri də bilirlər ki, onlara da konfransda insan haqları və uyğurlarla bağlı mürəkkəb suallar veriləcək. Pekin bu suallara cavab vermək istəmirsə, konfransda təmsil olunmayacaq.

Elxan Şahinoğlu-“Atlas” Araşdırmalar Mərkəzinin sədri
Xəbəri paylaş