Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-da baş verənlər içlər acıdır



Newscenter.az.12.02.2022. Böyük kişilərin qurduğu bu əzəmətli təşkilat nə yazıq ki, indi cılızların nəhəng intriqa yuvasına dönüb.

Əslində baş verənlər akademiyanın sərhədlərini çoxdan aşıb, bu mənada prosesləri anlamaq üçün AMEA-da nələr baş verir yox, “cənab Ramiz Mehdiyev nə planlayır,” sualına aydınlıq gətirilməlidir.

Hər şey Ramiz müəllimin islahatları ilə başladı. Açığı islahatlara başlananda mənə çox təəccüblü gəlmişdi ki, akademiya kimdən təmizlənir?! Zatən ən azı son 25 ildə elm də, təhsil də birbaşa Ramiz müəllimin öz “kurasiyasında” olub. Akademiyanın iclaslarında Ramiz müəllim həmişə Rəyasət Heyətində qərarlaşardı. Yəni, akademiyada nə olubsa onun özünün nəzarətində və razılığı əsasında baş verib. Bu halda, AMEA-da islahat adlandırdıqları indiki dəyişikliklərin yeganə məqsədi dövlət içində dövlət qurmaq, akademiyanı siyasi güc mərkəzinə çevirməkdən başqa nədir? İstər toy olayı, istərsə də son baş verənlər, xüsusən, dünənki yazı ilə cənab Mehdiyev göstərdi ki, bəli, akademiyanı istədiyi formata salmaq üzrədir. Bu ciddi təhlükədir, xanımlar və cənablar!

Fikir versizsə, AMEA və şəxsən Ramiz müəllimin özü haqqında hər hansı faktlar ictimai müzakirəyə buraxılanda dərhal ölkədə gündəmi dəyişəcək bir olay yaradılır və sağ olsun mediamız da bilərəkdən, ya bilməyərəkdən bəh-bəhlə ölkə gündəmini yeni istiqamətdə yönəldir. Məsələn, professor Kərim Şükürovun od püskürdüyü bir vaxtda, birdən-birə Feyziyev olayının Azərbaycan cəmiyyətinin gündəmini zəbt etdiyi kimi.

Etiraf edək ki, uzun müddət güc strukturlarına təsir imkanından istifadə edən cənab Mehdiyev ölkədə öz şəbəkəsini qura bilib. Bu, deyilib üzərindən keçiləcək məsələlər deyil. Bu gün hətta, regionlarda belə, hələ də ictimai təşkilatlardan dövlət strukturlarına qədər müxtəlif pərdələr altında akademikin ənənəvi xətti gizli və dolayı yolla davam edə bilirsə, dövlət başçısını təhqir edənlər ictimai formada etibar görürsə, vəzifəyə irəli çəkilirsə bu, ölkənin sabahı üçün real təhlükə demək deyilmi?

Bəzən jurnalistlər “lal deputat” ifadəsini işlədir. Dəyərli alimlərimizin əfvinə sığınaraq deyim ki, əslində, istisnaları çıxmaq şərti ilə, lallar ordusu elə akademiyada imiş. Ölkə elminin ən dar günündə ortaya mövqe qoymayan həqiqi və ya müxbir üzvün nəinki dövlətə, heç özünə də faydası yoxdur. Üzümü onlara tuturam, qardaşlar, Ramiz Mehdiyevin Ağ evdən 25 il Sizə aşıladıqlarını unudun, ona qarşı çıxmaq dövlətə qarşı çıxmaq demək deyil, son qoyun bu vəziyyətə.

Bəli, akademik Ramiz Mehdiyev uzun illər Azərbaycan bürokratiyasının təməl sütunlarından biri olub, həm sovetlər dövründə, həm müstəqillik illərində. Amma elə sütun olub ki, heç vaxt yük götürməyib, sadəcə yük götürmüş kimi görünüş yaradıb və təəssüf ki, elə bu görüntü cənab Mehdiyevə dövlət içində dövlət qurmaq kimi uğursuz niyyəti üçün kafi olub. Bu mənada cənab Mehdiyev çəkinmədən seçki nəticələri Konstitusiya Məhkəməsinin qərarı ilə təsdiqlənmiş Parlamentin legitimliyini ayrı-ayrı deputatların fonunda şübhə altına almasını təsadüf hesab etmirəm. Şübhəsiz ki, Ramiz müəllim yəqin, özü də anlayır ki, Konstitusiya Məhkəməsinin Qərarını sual altına almaq, üzvlərinə troll deyib ali qanunverici orqanı heçə saymaq dövlət ədəbindən çıxmaq deməkdir. Bu o deməkdir ki, “cənab İlham Əliyev, mən akademik Ramiz Mehdiyev Sizinlə bir komandada deyiləm.”

Bax, elə bu məqamda mən Parlament çoxluğuna – YAP-a, partiyanın İdarə Heyətinə üz tuturam, əziz dostlar, sual verin özünüzə, niyə 91-lərin siyahısında hörmətli akademikin imzası yoxdur? Bu günədək kimi gözləyirsiz? Yetməzmi bu qədəri? Ortaya mövqe qoyub Ramiz müəllimi sıralarınızdan uğurlamağın zamanı yetişmədimi? Zatən hörmətli akademik də, onun ətrafı da heç vaxt partiyanın cəfasını çəkməyib, yalnız, səfasını sürənlərdən olub.
Bu gün Azərbaycanın sağlam elmi mühitə və elmi nəaliyyətlərə həmişə olduğundan daha çox ehtiyacı var. Çünki, 4-cü sənaye inqilabı barədə az-çox məlumatlı olan hər kəs bilir ki, yeni periodun hərəkətverici qüvvəsi elmdir. Açığı çıxış yolumuz da yoxdur, ya 4-cü sənaye inqilabının qurbanı olmalıyıq, ya da bu inqilabdan qazanan. Amma görünən odur ki, artıq radikal siyasi partiyaya çevrilmək üzrə olan bu günkü AMEA-nın ümidinə qalsaq, yəqin ki, uduzan tərəf olmağa məhkumuq. Çünki Ramiz müəllim yalnız və yalnız bir inqilab tanıyır, əmin ola bilərsiz ki, o inqilab sənaye inqilabı deyil.

Bəhruz Məhərrəmov-Milli Məclisin deputatı
Xəbəri paylaş