Newscenter.az.12.02.2022. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə fevralın 9-dan 11-dək gənclər təşkilatlarına “EU4Youth” proqramı çərçivəsində “EU4Youth”, “Avropa Gənclər Fondu”, “Viseqrad+” kimi beynəlxalq donorlara layihələrin yazılması istiqamətində təlimlər keçirilib.
Newscenter.az xəbər verir ki, təlimlərin keçirilməsində əsas məqsəd imkanlara çıxışı az olan gənclərin rəqəmsal biliklərə, “yaşıl həyat”a keçidinin dəstəklənməsi, sahibkarlıq və idarəetmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyən fəaliyyətlərin həyata keçirilməsi olub. İştirakçılar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət gənclər siyasətinin mahiyyəti və gənclərə yaratdığı imkanlar barədə geniş məlumatlandırılıb, gənclər təşkilatlarının beynəlxalq donorlarla əməkdaşlığının düzgün təşkil olunması vacibliyi vurğulanıb.
Təlimlərin ilk günü Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, NAYORA-nın sədri Azər Əliyev və Avropa Gənclər Forumunun Təlimçilər Bazasının üzvü Məryəm Məcidova çıxış ediblər, daha sonra iştirakçılara görüşlə bağlı ümumi məlumat verilib və layihələrin yazılması ilə bağlı təlimlər keçirilib.
Növbəti günlərdə layihə çərçivəsində “Beynəlxalq tərəfdaşlıqların qurulması”, “Layihə ideyasının formalaşdırılması”, “Düzgün büdcə yazılışı”, “Düzgün hədəf qrupunun formalaşdırılması” mövzuları ətrafında təlimlər təşkil olunub, müzakirələr aparılıb.
Təlim kursunun son günündə növbəti fəaliyyətlərin hazırlanması, həmçinin davamlılığın qorunması və inkişaf etdirilməsi üçün qrup işləri baş tutub, təqdimatlar hazırlanıb.
Sevinc