Newscenter.az.12.02.2022. Bu günlərdə Azərbaycan elminə, ədəbiyyatına ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış ictimai-siyasi xadim, çoxsaylı əsərlər müəllifi Şöhlət Əfşar dünyasını dəyişib.
73 illik ömür yolunun böyük bir hissəsini Azərbaycan ədəbiyyatına, elminə həsr edən Şöhlət Əfşar "Sükutdan asılmışam", "Dodaqdan könüllərə", "Muğamın sədası", "Həyat sən öyrədən deyil, müəllim!", "Bu dünyanın havasına oynama", "Poema-Trilogiya" kimi əsərləri ilə milyonların sevimlisinə çevrilmiş, oxucularının qəlbinə rol tapmışdı.
Şöhlət Əfşar qələmə aldığı şerləri ilə Azərbaycan musiqisinə də öz töhfəsini verib və onun şerlərinə yazılan mahnılar bu gün də dillər əzbərinə çevrilib. Əsasən vətənpərvərlik, Qarabağ sevgi və yanğısı üzərində qələmə alınan həmin şerlər Şöhlət Əfşarın son dərəcə vətənpərvər, millətə, dövlətə bağlı bir ziyalı olduğunu da ortaya qoyur.
"Şuşanın şikəstəsi", "Ey Vətən", "Üçrəngli Bayrağım", "Ağcabədim", "Ey nər igidlər", "Vətən, başın sağ olsun!" kimi şerlər və onlara bəstələnən musiqilərdə Şöhlət Əfşarın vətənpərvərliyi bir daha özünü təsdiq edir.
1994-cü ildən başlayaraq isə respublikada nəşr olunan "Səs", "Vətən səsi", "Yeni Azərbaycan ", "Sahil", "Kredo", "Zamanın nəbzi", "Ədəbiyyat", "525-ci qəzet", "Bütöv Azərbaycan", "Yeni Təfəkkür", "Şuşa", "Uvertüra" qəzetlərində "Vəfa", "Ulduz", "Folklor" jurnallarında və s. mətbu orqanlarda Şöhlət Əfşarın müxtəlif publisistik yazıları, hekayələri, novellaları, şeirləri və poemaları çap olunmuşdur.
Şöhlət Əfşar avşarlar nəslinin nümayəndəsi kimi doğulub boya-başa çatdığı Ağcabədi rayonun Avşarlar kəndinə son dərəcə bağlı insan idi. O elmi və ictimai fəaliyyətlərində daima avşarlar tayfası barədə araşdırmalar aparır, bu barədə daha dərindən bilgilər əldə etməyə çalışırdı. Məhz Onun bu sahədəki təşəbbüskarlığı və əzminin nəticəsi idi ki, Şöhlət Əfşar Dünya Avşarlar Birliyinin Azərbaycan üzrə təmsilçisi seçilmişdi. Təsadüfi deyil ki, mərhum elə iş başında, Türkiyənin Adana şəhərində avşarlarla bağlı keçirilən beynəlxalq tədbirdə iştirakdan dərhal sonra dünyasını dəyişmişdi.
Dəyərli ziyalımızın yaxınlarına, onun ailə üzvlərinə, Şöhlət Avşar sevərlərə mərhumun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, Onun ruhuna Allahdan dərin rəhmət diləyirik.
Şərəf Kocakaya-Dünya Avşarlar Birliyinin sədri
Cahangir Hüseyn Avşar- Dünya Avşarlar Birliyinin üzvü, hüquq elmləri doktoru, sabiq millət vəkili
Yaqub Mahmudov-Dünya Avşarlar Birliyinin üzvü, tarix elmləri doktoru, akademik