Newscenter.az.12.02.2022. Xoşbəxtlik və güclü olmaq arasında seçim haqda düşünərkən həyatımda baş verən hadisələr, əsas da müəyyən situasiyalarda dilemma qarşısında qalıb, seçim qərarı verməli olduğum anları xatırladım. İnsanın həyatdakı əsas motivi xoşbəxt olmaqdır. Bu danılmazdır. Hətta, intihara qərar verən şəxs də xoşagəlməz anlardan, onu cana yığan həyatdan xilas olmaq üçün bu aktı reallaşdırmağa çalışır. Ümumiyyətlə, kiminsə dilemma qarşısında qalmağı ağır haldır. Lakin bəzən bununla qarşılaşmalı oluruq. Həyatda insanlar üçün çox vacib rol oynayan amillər var. Bəşəriyyət hər gün bu amilləri əldə etmək üçün çalışır və onları həyatda hər şeydən vacib sayır. Nədir bunlar?
Pul (var-dövlət)
Adamlar təbii ehtiyaclarını ödəməkdən savayı, həm də onları daim yarışa səsləyən təbiətlərindəki ehtiras ilə çoxlu var-dövlət əldə etməyə çalışırlar. Bəs, varlı adamların hamısı xoşbəxtdir?! Təbii ki, yox. O qədər imkanlı şəxslər var ki, bir anlıq rahatlıqları, həyat harmoniyaları əskikdir.
Sevgi
İnsan sevəndə hətta bədənində kimyəvi dəyişikliklər baş verir. Bu elə bir duyğudur ki, dünyamızı tam olaraq qaranlığa qərq olmaqdan qoruyur. Ancaq sevgi həm də bir çox adamı bədbəxt edir, onu ağlasığmaz zərərli hərəkətlərə sövq edir.
Xoşbəxtlik
Kim xoşbəxt olmaq istəməz ki?! Yuxarıda da qeyd etdiyim kimi bu bizim həyat motivimizdir. Pul və sevgi də bizə xoşbəxtlik gətirir. Xoşbəxtlik çox güclü duyğudur və o, bizi çalışmağa təşviq edir. Ancaq onun da yarımçıq tərəfləri var.
Sadaladığım üç amilin üçü də bizlər üçün vacib və hər zaman arzuladığımız nəsnələrdir. Ancaq və lakin indi qeyd edəcəyim amil onların hamısından da önəmlidir. Çünki məhz o əskik olanda pul da, sevgi də, xoşbəxtlik də alayarımçıq olur. Bəs, insan üçün həyatdakı ən vacib amil nədir?
Cavab verirəm: DƏYƏRLƏR!
Yazını oxuyanlardan bəzilərinin “dəyərlər” ifadəsini oxuduqdan sonra, ağızlarını necə büzdüklərini, qaşlarını düyünləyib, üzlərini turşutduqlarını indidən təsəvvür edirəm. “Dəyərlər” ifadəsi qulağa çox sıxıcı gəlir, hə? Hətta bu sözün insan üçün vacib amil olduğunu ilk dəfə duyanlar belə ola bilər. Çox təbiidir. Bu barədə təəssüf ki, olduqca az danışırlar. Bir çox hallarda isə danışmırlar. Bəli, yaxşı dəyərlər, puldan, sevgidən və hətta həyat motivimiz olan xoşbəxtlikdən də önəmlidir. Çox sadə bir misal çəkəcəyəm. Razılaşmalıyıq ki, “fast food” sayılacaq qidalar çox dadlıdır. Bu qəbildən olan başqa qidalar və içkilər də var, hansı ki, onların fəal istehlakı sağlamlığımıza zərərlidir. Biz nə gəldi yesək, artıq çəki yığıb, formamızı itirəcək, eyni zamanda sağlamlığımızı da təhlükə qarşısında qoyacağıq. Bəs, bizi bu dadlı yeməklərə aludə olmaqdan qoruyan şey nədir? Sahib olduğumuz dəyərlərimiz. Biz həmin zərərli qidalardan uzaq olub, sağlam və yaxşı formada qalmaq üçün bunu edirik. Dəyərlərimiz bizi buna təşviq edir.
Bir nəfər cavan oğlanla qonaqlıqda bu barədə söhbət etmişdik. O, bu gün ilə yaşadığını və ürəyi nə istədi yeyib-içdiyini vurğulayırdı. Bu onun üçün xoşbəxtlik sayılırdı. Şəxsən mənim üçün isə xoşbəxtik həm də onun həvəslə içdiyi koladan tamamilə imtina etməyimdir. Hətta çox az hallarda nəfsim çəksə də, mən o cür içkilərdən uzağam. Məni xoşbəxt edən məqam isə nəfsim üzərindəki qələbədir. İnsan ani hisslərə çox bağlıdır və o, sırf bioloji həyatın ehtiyaclarından savayı heç nə düşünmürsə, onda onun üçün dəyərlər amili qətiyyən önəmli, həm də maraqlı olmayacaq. Daxilimizdə daim bir konflikt, döyüş var. Bu etmək istədiklərimizlə, dəyərlərimiz arasındakı savaşdır. Həmin savaşı körükləyən, onu alovlandıran nəfsimizdir. Bir çox hallarda nəfsimiz bizi təkcə özümüzə yox, başqalarına da zərər verməyə səsləyir. Yolda getdiyimiz halda qabağımızdakı adamın pul kisəsinin düşdüyünü görürük, hətta, pula daha çox ehtiyacımız olduğu vaxta rastlasaq da, pul kisəsini götürüb aradan çıxmağımızı heç kim görməsə də, biz, o kisəni götürüb sahibinə veririk. Əlbəttə həmin an çarəsizlikdən nəfsimiz bizi oğurluğa səsləyir, ancaq biz məhz dəyərlərimizə görə vicdansızlıq etmirik. Demək olar ki, dünyada baş verən bütün pis əməllər yüksək əxlaqi dəyərlərə malik olmayan insanların əli ilə baş verir. Həmin adamlar nəfslərinin çağırışına boyun əyir, dəyərlərlə yox, ani hisslərlə hərəkət edirlər. Əgər sənin şəxsi prinsiplərin və mənəvi dəyərlərin varsa, onda müəyyən kritik hallarda sevdiyin iş yerindən, sevgilindən, hətta ailəndən belə uzaqlaşa bilərsən. Bu anda, sən xoşbəxtliyi buraxıb, dəyərlərinə görə güclü olmağı seçirsən. Dünyamız məhz nəfsləri üzərində qələbə qazanıb, yaxşı dəyərlərə malik güclü adamların hesabına ayaqda durur.
Əli İbrahimov-hüquqşünas